Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın (CACFish) regionda su bioloji resurslarının artırılması, səmərəli idarə olunması və akvakulturanın dayanıqlı inkişafına hədəflənən vacib mexanizmlərdən olduğunu deyib.
“Report” xəbər verir ki, o, bu barədə regional komissiyanın dekabrın 19-da Bakıda keçirilən 8-ci sessiyasında danışıb.
Onun sözlərinə görə, sənaye balıqçılığı və akvakultura kiçik balıqçılardan tutmuş iri emal müəssisələrində çalışanlara qədər bütün dünyada milyonlarla insanın həyatında mühüm rol oynayır: “Dünya əhalisinin təxminən 8 faizinin dolanışığı balıqçılıqdan asılıdır. CACFish regionda su bioloji resurslarının artırılması, qorunub saxlanılması, səmərəli idarə olunması, habelə akvakulturanın dayanıqlı inkişafına hədəflənən vacib mexanizmlərdən biridir. İnanıram ki, CACFish-in ölkəmizdə keçirilən cari sessiyasında aparılacaq müzakirələr və qəbul ediləcək qərarlar regionda akvakulturanın daha da inkişafına töhfə verəcək. 2014-cü ildən CACFish-in üzvü olan ölkəmiz dayanıqlı balıqçılıq və akvakulturanın inkişafı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, kadr potensialının artırılması, idarəetmə sisteminin optimallaşdırılması sahəsində mühüm inkişafa nail olmuşdur. Ölkədə həyata keçirilən aqrar islahatların nəticəsində iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli irəliləyişə nail olunub, müxtəlif növ kənd təsərrüfatı məhsullarının, o cümlədən balıq və balıq məhsullarının istehsal həcmi artıb. Bununla belə, ölkədə uzun illərdən bəri yığılıb qalmış, balıqçılığın inkişafı ilə bağlı həllini təcili tələb edən bir sıra problemlər mövcuddur. Hazırda ölkədə istehsal olunan balıq mənşəli məhsullarla özünütəminetmə səviyyəsi aşağıdır və daxili tələbatı tam ödəmək üçün yetərli deyildir”.
O vurğulayıb ki, hazırda Azərbaycanda balıqçılıq təsərrüfatının başlıca inkişaf məqsədi, balıq məhsullarına daxili tələbatın ödənilməsi, iqtisadiyyatı sahil balıqçılığından asılı olan rayonların sosial-iqtisadi inkişafını təmin edən su bioresurslarının qorunması, artırılması və səmərəli istifadəsi, şirin su akvakulturasının və marikulturanın inkişafı əsasında balıqçılıq təsərrüfatı kompleksinin davamlı fəaliyyətinə nail olmaqdır: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi FAO ilə birlikdə Azərbaycanda balıqçılıq təsərrüfatı və akvakultura sektorunun siyasi, hüquqi və institusional əsaslarının möhkəmləndirilməsi, su bioresurslarının idarəetmə strategiyası, balıqçılığın inkişafına dair Proqramın hazırlanmasında əməkdaşlıq həyata keçirilmişdir. Qanunvericilik sisteminin təkmilləşdirilməsi bu sahədə kiçik və orta biznesin inkişafına təkan vermiş və akvakulturanın inkişafına yönəlmiş investisiyaların cəlb edilməsinə şərait yaratmışdır. Akvakulturanın inkişafı üçün digər hərəkətverici qüvvə kimi qeyri-qanuni balıq ovu ilə mübarizə və təbiətdə vətəgə əhəmiyyətli balıq növlərinin bərpası tədbirlərini, həmçinin dövlət balıqartırma müəssisələrinin özəlləşdirilməsini qeyd etmək olar. Təbiətdə balıq ehtiyatlarının bərpası məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində fəaliyyət göstərən balıqartırma müəssisələrində yetişdirilən nadir və nəsli kəsilmək təhlükəsi altında olan qızılbalıq və nərəkimi, həmçinin çəkikimi balıq körpələrinin təbii su hövzələrinə buraxılmasını həyata keçirilir”.