Nazir müavini: "Azərbaycanda meşə yanğınları oduncaq itkisinə səbəb olmayıb"

Nazir müavini: "Azərbaycanda meşə yanğınları oduncaq itkisinə səbəb olmayıb" "Azərbaycanda meşə yanğınları zamanı demək olar ki, oduncaq itkisi olmur".
Ekologiya
30 Sentyabr , 2022 18:24
Nazir müavini: Azərbaycanda meşə yanğınları oduncaq itkisinə səbəb olmayıb

"Azərbaycanda meşə yanğınları zamanı demək olar ki, oduncaq itkisi olmur".

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu il genişmiqyaslı yanğınlar daha çox şimal bölgəsində qeydə alınıb: "Yanğının əhatə dairəsinin geniş olmasının əsas səbəbi havanın həddən artıq küləkli olmasıdır. Elə günlər olurdu ki, küləyin sürəti saniyədə 20-22 metrə çatırdı. Meşələrin 85 faizinin dağlıq ərazilərdə olduğunu nəzərə alsaq, hansı çətinliklərlə üzləşdiyimizi təsəvvür etmək mümkündür. Dağlıq ərazilərdə texnikanın hərəkəti mümkün deyil. Bu zaman amfibiya təyyarələrdən istifadə olunur ki, onların da küləkli günlərdə havaya qalxması risklidir. Ona görə də hər zaman vətəndaşlara, xüsusilə fermer təsərrüfatlarının sahiblərinə odla diqqətli davranmaq barədə çağırışlar edirik".

Nazir müavini bildirib ki, meşələrdə enliyarpaqlı ağaclar üstünlük təşkil etdiyindən, yanğınlar zamanı demək olar ki, oduncaq itkisi olmur:

"Əsasən alt yarus, yəni kol-kos, ot örtüyü yanır. Dağlıq ərazilərdə ot örtüyü daha qalındır. İlk növbədə onlar yanmaya məruz qalır. Fərq etməz meşə fondu, bələdiyyə torpağı olsun, bir kvadratmetr ərazi yanırsa, buna çox məyus oluruq. Çünki həmin ərazi bizim Vətənimizin bir parçasıdır".

Nazir, həmçinin vətəndaşları da diqqətli olmağa, təbii sərvətlərimizi qorumağa çağırıb:

"Əkdiyimiz fidanların nə zaman ağac olması sual altındadır. Meşə strateji məhsuldur. Hər birimizin borcudur ki, onu qoruyub gələcək nəsillərə saxlayaq. Kameralar quraşdırılan meşələrdə çox az hallarda yanğın baş verir. Lakin hər yerdə də kamera quraşdırmaq olmaz. Bu, çıxış yolu deyil. Əlavə dövlət vəsaitləri sərf edincə, vətəndaşların məsuliyyətli olması daha səmərəli nəticə əldə etməyimizə kömək edə bilər".

"Azərbaycanda meşə yanğınlarının 98 faizi antropogen amillərlə bağlıdır. Kəndlərin ətrafında yerləşən meşələrə daha çox müdaxilələr olur", - F.Əliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi