Azərbaycanda havanın çirklənməsinin yarıdan çoxu nəqliyyat sektorunun payına düşür.
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda bildirib.
"Nəqliyyat infrastrukturunun inkişafı əhalinin ehtiyacının ödənilməsi ilə yanaşı vətəndaşların sağlamlığı və ətraf mühitin mühafizəsi sahəsində tədbirlər görülməsini zəruri edir. Xüsusilə iri şəhərlərdə avtomobillərin sayı sürətlə artır. Son illər Bakının yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə dövlət investisiyaları artırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin fəaliyyəti təkmilləşdirilib. Həmçinin bu sahədə institusional islahatlar da aparılmalıdır. Bütün bunlar, o cümlədən ekoloji cəhətdən təmiz nəqliyyat və təmiz yanacağın istifadəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər havanın keyfiyyətinə müsbət təsir göstərə bilər. Ölkəmizdə elektrik və hibrid mühərrikli avtomobillərin istifadəsinə şərait yaradılmaqla əhalinin alternativ nəqliyyat vasitələrinə marağı stimullaşdırılır", - deyə o qeyd edib.