İctimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaratdığı təhlükələrə yönəltmək və enerjiyə qənaətin təşviq olunmasından ibarət olan “Yer saatı 2023” ekoloji aksiyası Naxçıvanda da təşkil olunub.
“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərinin Dədə Qorqud meydanında keçirilən ekoloji aksiyada fəal gənclər, könüllülər və şəhər sakinləri iştirak ediblər.
1 saat ərzində işıqlar söndürülüb, simvolik olaraq şamlarla “60+” yazısı işıqlandırılıb. Həmçinin gənclər tərəfindən müxtəlif rəqslər və fləşmoblar təqdim olunub.
Qeyd edək ki, Azərbaycanda "Yer saatı" ekoloji aksiyası rəsmi olaraq 2011-ci ildən qeyd edilir.