Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib Bakı. 29 mart. REPORT.AZ/ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası olub.
Ekologiya
29 Mart , 2018 20:46
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib
Milli Məclis / Report

Bakı. 29 mart. REPORT.AZ/ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası olub. 

Milli Məclisin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, komitənin sədri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov gündəlikdə Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş iki məsələnin olduğunu bildirib.

İclasda birinci oxunuşda müzakirəyə çıxarılmış “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Teymur Şəkərəliyev təqdim edib. Məlum olub ki, Nazirliyin əməkdaşları beynəlxalq ekspertlərin iştirakı ilə uzun müddət bu sənəd üzərində işləyiblər. Nəticədə 5 fəsil 17 maddədən ibarət yeni qanun layihəsi meydana gəlib. Sənəddə ölkəmizin 1999-cu ildə qoşulduğu Espo Konvensiyasının, yəni transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında konvensiyanın müddəaları nəzərə alınıb.

Bildirilib ki, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun təsərrüfat və başqa fəaliyyətin, habelə strateji sənədlərin və ərazi planlaşdırılması sənədlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirir və bu sahədə yaranan münasibətləri tənzimləyəcək. Qanuna əlavə olunmuş sənəddə 33 fəaliyyət növünün siyahısı verilib. ƏMTQ-nin əsas məqsədi həmin siyahıda yer almış fəaliyyətlərin həyata keçirilməsi (məsələn, karbohidrogen ehtiyatlarının hasilatı, neft və qaz emalı zavodlarının, metallurgiya zavodlarının tikintisi, su bəndlərinin və su anbarlarının, magistral avtomobil yollarının, dəmiryol xətlərinin, hava limanlarının layihələndirilməsi və s.) zamanı ətraf mühitə mümkün mənfi təsirlərin aşkarlanıb aradan qaldırılmasıdır.

Məruzəçi onu da qeyd edib ki, gündəlikdəki ikinci məsələ qanunvericiliyin uyğunlaşdırılması zərurətindən irəli gəlib. Belə ki, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun qəbul olunduqdan sonra qanunvericilikdə təkrarçılığa yol verilməməsi üçün “Ətraf mühitin mühafizəsi haqqında” qanunda dəyişikliklər edilməsinə ehtiyac yaranacaq. Təqdim olunmuş layihəyə görə, həmin qanunun bir sıra maddələrində dəyişikliklər olunub.

Öncə komitə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər nümayəndələrinin, həmçinin ELS Müstəqil Araşdırmalar Mərkəzinin və “Rüzgar” Ekoloji İctimai Birliyinin rəhbərlərinin fikirləri dinlənilib.

Sonra deputatlar qanun layihələrinə münasibət bildirdilər. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə, deputatlar Mirkazım Kazımov, Muxtar Babayev, Fuad Muradov rəy və təkliflərini bildirdilər. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun əhəmiyyəti yüksək dəyərləndirildi. Xüsusilə qonşu ölkələrdə çirklənməyə məruz qalan transmilli suların, Kür və Araz çaylarının müvafiq problemlərinin həlli üçün belə bir qanunun vacibliyi vurğulanıb.

Fikir mübadiləsinə komitənin sədri, vitse-spiker Valeh Ələsgərov yekun vurub. Komitədə baxılan hər iki qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunub. 

Son xəbərlər

Orphus sistemi