Yuxarı

ETSN-in departament rəhbəri: "Cüzi ehtiyatsızlıq və məsuliyyətsizlik meşə yanğınlarına səbəb olur"

Meşə və quru ot sahələrinin yanmasında əsas səbəb insan faktoru

"Meşə və quru ot sahələrinin yanması kimi hadisələr insanların yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsi, ehtiyatsız davranması və diqqətsizliyi nəticəsində baş verir".

Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin inkişafı departamentinin direktoru Ağaqardaş Qaraşov deyib.

A.Qaraşov vurğulayıb ki, meşə və quru ot sahələrinin yanmasında əsas səbəb insan faktoru ilə bağlıdır: "Avqust ayında bölgələrdə 45 dərəcə isti olur. Belə istidə həm kol-kos, həm də ot sahələri tamamilə quru olur. Bu cür quru, tez alışan sahəyə atılan adi bir siqaret kötüyü, yaxud belə ərazidə ocaq qalanması böyük yanğın hadisələrinə səbəb ola bilir. Hər bir vətəndaşın bu kimi halları yaradan səbəblərə baxışı, laqeyd münasibəti dəyişməlidir".

Departament rəhbəri bildirib ki, belə yanğınların yaranmasında əsas səbəblərdən biri də kəndlilərin taxıl sahəsini biçəndən sonra sahəni yandırmasıdır. "Quru ota od vuranda o da yanaraq meşə sahəsinə keçir. Biz bütün kəndli-fermer təsərrüfatlarının yanında nəzarətçi qoya bilmərik. Vətəndaş özü bilməlidirlər ki, bunu etmək olmaz. Bu, başqasının təsərrüfat sahəsinə ziyan vura, meşənin, hətta kəndin də yanmasına səbəb ola bilər".

A.Qaraşov vətəndaşları diqqətli olmağa çağırıb: "Vətəndaşlar odla ehtiyatlı davranmalı, söndürülməmiş siqareti yerə atmamalı, təbiətdə olarkən tonqalların söndüyünə əmin olmalıdır. Fermerlər də kövşənləri yandırmamalıdırlar. Çünki cüzi ehtiyatsızlıq və məsuliyyətsizlik meşə yanğınlarına səbəb ola bilər".

Qeyd edək ki, son günlər bölgələrdə - Lənkəran, Lerik, Quba, Yardımlı, Oğuz, Qəbələ, Ağsu, İsmayıllı və s. rayonlarında meşə yanğınları və quru ot sahələrini yanması müşahidə edilir. Yanğınların daha geniş ərazilərə yayılmasının qarşısı alınır və tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi