"Meşələrdə ağacların kəsilməsinin qarşısının alınması, eləcə də bölgələrdə kömürbasma ilə məşğul olanların müəyyənləşdirilməsi üçün mütəmadi reydlər keçirilir. Keçirilən reydlər və tətbiq edilən cərimələr son zamanlar bu sahədə işlərin müsbətə doğru irəliləməsinə səbəb olub".
"Report" xəbər verir ki, bu barədə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Ziya Cəbrayılov jurnalistlərə açıqlamasında bildirib.
"Keçirdiyimiz növbəti reyd zamanı Oğuz ərazisindəki meşələrdə ağacların kəsilməsi halları müəyyən edilib və kömür quyuları aşkarlanıb. Muxas və Calut kəndləri ərazisində 15-dən artıq kömür quyusu doldurularaq yenidən istifadəsi məhdudlaşdırılıb və ərazi nəzarətə götürülüb. Yerli sakinlərə müraciət edərək bildiririk ki, bu məsələyə biganə qalmasınlar, meşələrdəki ağacların kəsilməsinin qarşısını almaq məqsədilə belə hallarla üzləşdikdə birbaşa aidiyyəti orqanlara məlumat versinlər. Əsasən bu bölgələrdə çubuq kömürünün hazırlanması ilə məşğul olunduğundan bu, meşələrdə cavan pöhrələrin və ağacların kəsilməsi ilə nəticələnir. Həm də, kömür hazırlanması zamanı ondan ayrılan tüstü insanların vərəm xəstəliyinə yoluxmasına səbəb olur".
Ziya Cəbrayılov bir neçə gün bundan qabaq Oğuzda baş vermiş yanğının da ehtiyatsızlıq ucbatından və ya kömür basılmasından qaynaqlandığının ehtimal olunduğunu bildirib:
“Bütün bunları nəzərə alaraq həm yerli sakinlər, həm də aidiyyəti qurumlar bu problemlərin aradan qaldırılması üçün bütün səylərini bir araya gətirməlidirlər. Tərəfimizdən meşə təsərrüfatı, eləcə də yerli bələdiyyələrə məxsus torpaqlarda kömürbasma halları ilə əlaqədar lazımi tədbirlər görülür, münbit torpaqlarda kömür basdırılması nəticəsində torpaqların qeyri-münbit hala gətirilməsi barədə bələdiyyələrə, aidiyyəti qurumlara məlumat verilir. Ümid edirik ki, birgə mübarizə tədbirləri daha səmərəli olacaq".