Yuxarı

"Kaspi" liseyi "Təmiz Şəhər" ASC-in köməyi ilə 5 ağac xilas edib

Şagirdlərə tullantılardan alternativ formada istifadə qaydaları öyrədilib

Bakı. 29 fevral. REPORT.AZ/ "Təmiz Şəhər" ASC "Kaspi" liseyində ustad dərsləri təşkil edərək şagirdlərə tullantılardan alternativ formada istifadə qaydalarını öyrədib. Bu barədə "Report"a "Təmiz Şəhər" ASC-nin mətbuat katibliyindən bildirilib.

Uşaqlar məişətdə əmələ gələn istifadə olunmuş və lazımsız hesab olunan materiallardan müxtəlif əşyalar hazırlayıblar.

Belə dərslərin keçirilməsində məqsəd şagirdlərə tullantıların azaldılması və təkrar istifadəsi vərdişlərinin aşılanması, həmçinin lazımsız hesab edilən materiallardan yararlı və faydalı əşyalar hazırlanmasını və istifadəsinin mümkünlüyünü təbliğ etməkdir.

"Təmiz Şəhər" ASC və "Kaspi" liseyi tullantıların idarə olunması və məktəblilərin maarifləndirilməsi istiqamətində bir neçə aydır əməkdaşlığa başlayıb. ASC “Kaspi”nin Sabunçu rayonunda yerləşən filialında xüsusi tullantı qutuları yerləşdirərək buradakı kağız və plastik materialların çeşidlənmiş formada yığımını həyata keçirir. Son 2 ay ərzində həmin qutulardan 500 kiloqrama yaxın maklatura yığılıb. Bu maklatura yenidən kağız hazırlanması üçün təkrar emala yönəldilib. 100 kiloqram maklaturadan alınan kağızın 1 ağacdan hazırlanan kağıza bərabər olduğunu nəzərə alsaq, “Kaspi” liseyinin şagirdlərinin 5 ağacı kəsilməkdən xilas etdiyini demək olar.

Artıq liseyin Xətai rayonunda yerləşən filialında da bu cür qutular yerləşdirilib və tullantıların çeşidlənmiş formada toplanmasına başlanılıb. Bununla yığılan maklaturanın və xilas ediləcək ağacların sayı da artacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi