Yuxarı

​IDEA Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təlim keçirəcək

Təlimdə iştirak ödənişsizdir

Bakı. 1 oktyabr. REPORT.AZ/ IDEA İctimai Birliyi (İB) bütün gəncləri ətraf mühit sahəsində ixtisaslaşmağa və çalışmağa həvəsləndirmək məqsədilə Ümumdünya Quşları Müşahidə Günü ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə quşların və məməli heyvanların payız sayğısı çərçivəsində təşkil olunacaq təlimə dəvət edir. İB-dən “Report”a verilən məlumata görə, təlim nəzəri və praktiki hissələrdən ibarət olmaqla 2 gün davam edəcək.

Təlimin nəzəri hissəsi oktyabrın 5-də IDEA-nın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində baş tutacaq və bioloji müxtəliflik, Qırmızı Kitaba düşən növlər, quşların və məməlilərin sayğısının aparılma metodikası, sayğının aparılma yerləri kimi mövzuları əhatə edəcək. Mühazirəçilər qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, WWF-in Azərbaycan Nümayəndəliyi və AMEA-nın Zoologiya İnstitutunun əməkdaşlarının cəlb olunması nəzərdə tutulub. Təlimin ikinci günü, yəni oktyabrın 6-da isə Şirvan Milli Parkında praktiki çöl işləri aparılacaqdır (quş növlərinin müşahidəsi, sayğıların aparılması ve hesabatların tərtib olunması və s). Milli Parkda çöl işləri Parkın direktoru Elşən Məcidovun rəhbərliyi altında aparılacaq, ilkin olaraq ərazi ilə tanışlıq olacaq, daha sonra isə quşların sayılma metodikası yerində izah olunacaq.

Mütəmadi olaraq keçirilən sayğılarda əsas məqsəd quşların və məməli heyvanların sayında olan dinamikanın izlənilməsidir.

Təlimdə iştirak etmək istəyən şəxslərdən öz CV-lərini oktyabrın 2-dən gec olmayaraq “təlim” başlığı altında info@ideacampaign.org elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Təlimdə iştirak ödənişsizdir və iştirakçıların nəqliyyat xərci IDEA İctimai Birliyi tərəfindən qarşılanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi