ETSN: Tullantı sularının təmizlənmədən dənizə axıdılmasının qarşısı alınmalıdır

ETSN: Tullantı sularının təmizlənmədən dənizə axıdılmasının qarşısı alınmalıdır Dənizdə çirkləndirici maddələrin miqdarının artması dəniz ekosisteminin məhvinə zəmin yaradır
Ekologiya
14 Dekabr , 2016 19:06
ETSN: Tullantı sularının təmizlənmədən dənizə axıdılmasının qarşısı alınmalıdır

Bakı. 14 dekabr. REPORT.AZ/ Hövsan kanalının ətraf sahələrində yerləşən müəssisələrdə və yaşayış massivlərində formalaşan tullantı sularının təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması ekoloji vəziyyətinin daha da gərginləşməsinə səbəb ola bilər.

"Report" xəbər verir ki, bu barədə məlumat  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin noyabr ayına olan bulletenində yer alıb.

Bildirilib ki, Hövsan kanalının ətraf ərazilərində yerləşən Zabrat-1, Zabrat-2, Sabunçu, Ramanı, Suraxanı və Binə qəsəbələrində formalaşan tullantı sularının adıçəkilən axara axıdılmasının qarşısı alınmalıdır.

Belə ki, Hövsan kanalı Bakı şəhəri ərazisindən Xəzər dənizinə ən çox təmizlənməmiş tullantı suları axıdan axarlardan biridır. Kanal vasitəsi ilə axıdılan tullantı suları “10-cu qovşaq” adlanan sahədə neftdən təmizlənərək dənizə axıdılır. Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan Zabrat-1, Zabrat-2, Sabunçu, Ramanı, Suraxanı və Binə qəsəbələrində formalaşan tullantı sularının bir hissəsi də təmizlənmədən və zərərsizləşdirilmədən Hövsan kanalı vasitəsi ilə Xəzər dənizinə axıdılır. Hövsan kanalına “Balaxanı Oil Company” və “AzGerneft” MMC kimi neftçıxarma müəssisələrinin tullantı suları, eləcə də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus olan 12 saylı nasosxana vasitəsi ilə səviyyənin tənzimlənməsi üçün Böyükşor gölündən götürülən su axıdılır.

Hövsan kanalı vasitəsilə təmizlənmədən və zərərsizləşdirilmədən gün ərzində Xəzər dənizinə axıdılan tullantı sularının həcmi 100 min m3-ə yaxındır. Kanalın qapalı kanal formasına salınması və dənizə çıxışı qarşısında Bioloji Təmizləyici Qurğunun tikilməsi nəzərdə tutulsa da, ancaq 4 km-ə yaxın hissəsi qapalı formaya salınmış, qalan hissəsi isə açıq formadadır. Kanalın dənizə töküldüyü yerdə təmizləyici qurğunun tikintisi barədə hələ də heç bir tədbir görülməyib. Xəzər dənizinin ekoloji tarazlığının bərpasına yönəldilən bu tədbir yerinə yetirilmədiyindən tullantı sularının təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdılması davam etdirilir.

Hövsan kanalı vasitəsilə dənizə axıdılan tullantı suların keyfiyyət göstəricilərinin Xəzər dənizinə mənfi təsir göstərdiyini dənizdən götürülən su nümunələrinin təhlilləri bir daha sübut edir. Bu tullantı suları dənizə mənfi təsir göstərməklə yanaşı dənizdə çirkləndirici maddələrin miqdarının artmasına və su hövzələrində çirklənmə dərəcəsinin artaraq dəniz ekosisteminin növ tərkibinin, sayının, biokütləsinin azalmasına və məhvinə zəmin yaradır.  

Son xəbərlər

Orphus sistemi