ETSN Oğuz və Qəbələ meşələrində baş verən yanğınla bağlı məlumat yayıb

ETSN Oğuz və Qəbələ meşələrində baş verən yanğınla bağlı məlumat yayıb Bum meşəbəyliyindəki yanğın söndürülüb
Ekologiya
29 Avqust , 2017 16:07
ETSN Oğuz və Qəbələ meşələrində baş verən yanğınla bağlı məlumat yayıb

Bakı. 29 avqust. REPORT.AZ/ Ötən gün Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Bum meşəbəyliyinin 2 saylı dolayında, bu gün səhər saat 8 radələrində isə Oğuz MMBM-in Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında yanğın hadisələri olub. 

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib. 

Nazirlikdən bildirilib ki, yanğın baş verən ərazilərə dərhal ETSN-in və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Bum meşəbəyliyində baş verən yanğının əhatə etdiyi ərazi hündür və sərt yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Əsasən əl əməyindən və FHN-nin helikopterindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın avqustun 29-da saat 15 radələrində lokallaşdırılıb. İlkin hesablamalara görə, yanğın nəticəsində 10 hektara yaxın ərazidə quru ot və kol örtüyü yanıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Oğuz MMBM-in Xaçmaz meşəbəyliyində baş vermiş yanğın isə saat 14 radələrində tam söndürülüb. Yanğın nəticəsində 0.5 hektar ərazidə quru ot və kol örtüyü yanıb.

Yanğınların hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Son xəbərlər

Orphus sistemi