ETSN: Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır

ETSN: Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır Nazirlik transsərhəd çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə monitorinq həyata keçirib
Ekologiya
25 Aprel , 2017 20:00
ETSN: Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır

Bakı. 25 aprel. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprel ayında növbəti monitorinq həyata keçirib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprelin II ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının I ongünlüyünə nisbətən 102 m3/san artaraq 322 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə edilib.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.2, Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Aprel ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 1.6, I Şahsevəndə 1.3, Bəhramtəpədə isə 2 dəfə YVQH-ni ötüb.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 7.25-8.56 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Son xəbərlər

Orphus sistemi