Yuxarı

ETSN-in departament direktoru: "Ümid edirik ki, yaxın vaxtda yanğının söndürülməsini təmin edəcəyik" - VİDEO

ETSN-in departament direktoru: "Ümid edirik ki, yaxın vaxtda yanğının
© Report

"Hirkan milli parkındakı yanğın ümumilikdə 10 hektar sahənin daxilində talalar şəklində 5 hektar əraziyə yayılıb. Hazırda Ekologiya və Təbii Sərvətlər və Fövqəlada Hallar nazirliklərinin əməkdaşları, 2 helikopter və 1 təyyarə havadan suçiləmə vasitəsilə yanğının söndürülməsində iştirak edirlər. Yanğının söndürülməsində mümkün olan bütün vasitələrdən istifadə olunur".

Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib.

“Biz artıq yanğını çərçivəyə almışıq və ümid edirik ki, yaxın vaxtda yanğının söndürülməsini təmin edəcəyik. Baş vermə səbəbinə gəldikdə isə yenə də insan faktorunun üzərində dayanırıq və əhaliyə bir daha müraciət edirik ki, təbiət qoynunda olarkən odla ehtiyatlı davransınlar, meşə sahələrinə, qoruqlara, milli parkların ərazilərinə daxil olarkən yanğın hadisələrinin törədilməsinə yol verməsinlər, yanğına səbəb olacaq hərəkətlərdən çəkinsinlər.

Milli parklar, qoruqlar və meşə sahələri ilə sərhəddə yerləşən kənd sakinlərindən xahiş edirik ki, belə hallara rast gəldikdə dərhal meşə mühafizə işçilərinə xəbər versinlər və onlar özləri də bu yanğınların tez bir zamanda söndürülməsində iştirak etsinlər.

Təəssüf ki, insanlar təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmir və yarana biləcək fəsadları hesablamırlar. Nəzərə almırlar ki, belə məsuliyyətsiz addımların nəticəsində hektarlarla meşə örtüyü məhv ola bilər, ölkənin meşə fondu ani vaxt içərisində yanıb kül olmaq təhlükəsi ilə üzləşər", - deyə nazirlik rəsmisi əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi