ETSN: Gömrükdə müsadirə olunan zəlilərin təbiətə buraxılması qərara alınıb

ETSN: Gömrükdə müsadirə olunan zəlilərin təbiətə buraxılması qərara alınıb "Zəlilərin müəyyən qisminin nazirliyin idarəetməsində olan müəssisədə saxlanca verilməsi qərara alınıb"
Ekologiya
15 Mart , 2017 17:58
ETSN: Gömrükdə müsadirə olunan zəlilərin təbiətə buraxılması qərara alınıb
Report.az

Bakı. 15 mart. REPORT.AZ/ Zəlilərin (“Hirudo Medicinolis”) qanunsuz yollarla ölkədən çıxarılmasının artıq ikinci dəfə qarşısının alınması və külli miqdarda zəlinin müsadirə edilməsi ilə bağlı yayılan məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumları tərəfindən yanvar ayından etibarən nəzarətdə saxlanılır.

ETSN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, birinci dəfə yanvar ayının 17-də Astara Gömrük İdarəsi tərəfindən qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması nəzərdə tutulan 29 min ədədədək zəli müsadirə olunub və nazirliyə müraciət edilmədən müvəqqəti saxlanılması üçün AMEA-nın Zoologiya İnstitutuna təhvil verilib: "Halbuki 14 iyul 2000-ci il tarixli Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 131.2-ci bəndində göstərilir ki, bu məcəllənin 131.1-ci maddəsində nəzərdə tutulmuş əşyaların mülkiyyətçisi və ya qanuni sahibi məlum olmadıqda və ya hər hansı səbəbdən onların qaytarılması mümkün deyilsə, bu əşyalar istifadə, saxlanma və ya qulluq edilməsi üçün müvafiq təşkilatlara verilməlidir. Eyni zamanda, 4 iyun 1999-cu il tarixli “Heyvanlar aləmi haqqında” qanununun 38-ci maddəsinə görə də “Müvafiq icra hakimiyyəti orqanlarının (ETSN-nin) razılığı və icazəsi olmadan heyvanları özbaşına köçürmək, iqlimə uyğunlaşdırmaq və artırmaq qadağan edilir.

Lakin müsadirə edilən zəlilərin hətta müvəqqəti saxlanca verilməsi məqsədilə belə, qanunla vəhşi təbiət üzərində sərəncamverici orqan olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunması təmin edilməyib".

Nazirlikdən bildirilib ki, müsadirə olunmuş zəlilərin ETSN-yə təhvil verilməsi üçün guya nazirliyə müraciət olunması barədə yayılmış xəbərlərin isə əsası yoxdur: "Məsələ ilə bağlı nazirlikdə daxili araşdırma aparılıb və bu məlumatın həqiqətə uyğun olmadığı müəyyən edilib.

Azərbaycanın müvafiq qanunvericiliyinin tələblərinin pozulmasına yol verdiyinə görə günahkarlara qarşı cərimə-cəza tədbirləri tətbiq olunub".

ETSN-nin məlumatına görə, fevral ayının sonlarında 40 min ədəd zəlinin yenidən ölkədən qanunsuz yolla çıxarılmasının qarşısı alınaraq müsadirə olunub və yenidən qanunsuz olaraq Zoologiya İnstitutu tərəfindən Mingəçevirdəki sututarlarında yerləşdirilib: "Bununla bağlı məsələ aidiyyəti dövlət qurumları ilə müzakirə olunub və martın 14-də zəlilərin bir qisminin vəhşi təbiətə (Şirvan Milli Parkı ərazisində yerləşən Qızılqaz gölünə) buraxılması, digər qisminin isə nazirliyin idarəetməsində olan müəssisədə saxlanca verilməsi qərara alınıb. Qərar icra olunur. Belə halların təkrarlanmasının qarşısını almaq məqsədilə müvafiq tədbirlər görülür".

Son xəbərlər

Orphus sistemi