Yuxarı

Nazirlik fauna və floranın mühafizəsi qanunvericiliyini pozanları cəzalandırıb

Qanun pozuntularına görə 130 akt və protokol tərtib olunub

Bakı. 18 mart. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin(ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları martın 1-15-də ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb.

ETSN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilən qanun pozuntularına görə 130 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 31 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 14 iş üzrə 11 420 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 8 iş üzrə 921.61 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 179 iş üzrə 36 704.16 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 23, icra qurumlarına 4, məhkəmələrə isə 6 iş göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi