ETSN-nin sektor müdiri Mütəllim Əbdülhəsənov “Report”a bildirib ki, nazirlik ölkədə su ehtiyatlarının istifadəsi, mövcud su ehtiyatlarının qiymətləndirilməsi ilə bağlı narahatlığı ortaya qoymaq istəyir: “Çünki bu gün 12 milyard kub metrdən çox su təbii mənbələrdən götürülür və istifadə üçün kənd təsərrüfatına, əhalinin su təhcizatına, sənayenin inkişafına, elektrik enerjisinin istehsalına sərf olunur. Sudan istifadə vəziyyətlərinə baxsaq, bunun təxminən 8 milyardının istehlak olunduğunun görərik. Yerdə qalan hissəsi isə (təqribən 40 faiz) itir. Bu, əsasən, kənd təsərrüfatında, su təchizatında olan itkilər nəticəsində baş verir. Burada müzakirəmiz də bu mövzular ətrafında olub. Su təbii sərvətdir. Onun qədrini bilməli və istifadə zamanı israf etməməliyik. İçməli sudan maşınların yuyulmasında, yaşıllıqların suvarılmasında istifadə edilir və tullantı sular dənizə, çaylara axıdılır. Bu da suyu israf etməkdir. Məqsədimiz həmin tullantı, direnaj-kollektor sularından təkrar istifadə etməkdir. Bu sular müasir texnologiyalarla daha dərindən təmizləmə yolu ilə texniki məqsədlər üçün, kənd təsərrüfatında suvarma üçün istifadə edilə bilər. Bununla da təbii su mənbələrindən götürülən su ehiyatlarına qənaət edərik. Əks halda dünyada yaşanan problemlər bizim əhali üçün də qaçılmaz olacaq”.
Görüşdə iştirak edən su ehtiyatlarının idarə olunması üzrə xarici ekspert Əhməd Əlsəid isə bildirib ki, Azərbaycandakı mövcud vəziyyət beynəlxalq ekspertlər tərəfindən təhlil edilib: “Nəticəyə gəlinib ki, Azərbaycanda mənbələrdən götürülən suyun 72 faizi kənd təsərrüfatında istifadə olunur. Ölkədə əsas problem sudan səmərəli istifadə edilməməsi və itkilərə yol verilməsidir. Görüşdə bildirilidi ki, kənd təsərrüfatı bitkilərinin suvarılmasında daha müasir suvarma texniologiyalarından istifadə edilməlidir. Su tükənən təbii sərvətdir və ondan səmərəli istifadə etmək mütləqdir. İqlim problemlərini nəzərə alaraq bu məsələlər düzgün istiqamətdə həll olunmalıdır. Belə fikir yaranır ki, insanlar su mənbələrinin tükənməz olduğunu düşünür. Lakin bu belə deyil. Qaldırılan bütün aktual məsələlərə dair fikir mübadiləsi apardıq. Ümid edirik ki, keçirilən tədbir bundan sonra sudan səmərəli istifadədə müsbət addım olacaq”.