Yuxarı

ETSN: "Bu il Xəzər dənizinə 5 milyon 6 min ədəd nərə balığı körpəsi buraxılıb"

İsmayıl Yunusov: Hazırda nərə balıqlarının ovuna balıqartırma və elmi-tədqiqat məqsədilə icazə verilir

Bakı. 22 oktyabr. REPORT.AZ/ "Bu ilin ötən dövrü ərzində 5 milyon 6 min ədədə yaxın 1, 1.2 qram çəkisində nərə balığı körpəsi artırılıb və Xəzər dənizinə buraxılıb". Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin aparıcı müfəttişi İsmayıl Yunusov bildirib. 

Onun sözlərinə görə, balıq körpələrinin artırılıb təbii su hövzələrinə buraxılması balıq ehtiyatlarının qorunub saxlanılmasına və xammal bazasının formalaşdırılması üçün atılan addımdır: "Azərbaycanda neçə ildir Xəzər dənizinə buraxılmaqdan ötrü nərə balığı artırma zavodları fəaliyyət göstərir. Xəzərin strateji bioloji resursu olan nərə cinsli balıqların artırılması Azərbaycan dövlətinin prioritetlərindəndir və nazirliyə məxsus müasir infrastruktur və kadr potensialı uğurla bu məqsədə çatmağa imkan verir".

İ.Yunusov deyib ki, hazırda Azərbaycanda 4 nərə balığı artırma zavodu fəaliyyət göstərir: "Zavodlarda nərə balıqlarının törədici sürüsü formalaşdırılır. Törədici balıqlardan süfrə istehsal edilir, sonra böyüdülür və Xəzər dənizinə axıdılması üçün Kür çayının mənsəbinə buraxılır".

Nazirlik rəsmisi qeyd edib ki, nərə balıqlarını ölçüsündən və çəkisindən asılı olmayaraq, qanunsuz yolla ovlayan şəxslər 225 bal cərimə olunur: "Hazırda nərə balıqlarının ovuna balıqartırma və elmi-tədqiqat məqsədilə icazə verilir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi