Ətraf Mühitin Mühafizəsi Günü ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Ətraf Mühitin Mühafizəsi Günü ilə bağlı maarifləndirmə tədbiri keçirilib Tədbir iştirakçılarının hər birinə SOCAR tərəfindən təşəkkürnamələr təqdim olunub
Ekologiya
5 İyun , 2015 18:01
Ətraf Mühitin Mühafizəsi Günü ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Bakı. 5 iyun. REPORT.AZ/ Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi, Ətraf Mühitin Mühafizəsi Günündə maarifləndirmə tədbiri keçirib. Bu barədə “Report”a Ombudsman Aparatından məlumat verilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə ekoparkda təşkil edilən “Gəlin sağlam ətraf mühit naminə çalışaq” adlı tədbir uşaqların ekologiyanın qorunması, yurd sevgisi, zəngin təbii sərvətlərdən səmərəli istifadə edilməsi ruhunda tərbiyə olunmasına, onların ekoloji şüurunun formalaşmasına, həmçinin bioloji müxtəlifliyin mühafizəsinə yönəlib.

Ombudsman Aparatının əməkdaşı G.Rəhimova çıxışında Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 5 iyun 1972-ci il tarixinin Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasını qərara aldığını və həmin günün bütün dünyada təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb. O, müvəkkilin vətəndaşların ekoloji hüquqlarının müdafiəsi və təmini, ekoloji mədəniyyətin təbliği və formalaşdırılması istiqamətində keçirdiyi tədbirlər, media nümayəndələri, həmçinin uşaqlar arasında bu mövzuda təşkil etdiyi müsabiqələr barədə məlumat verib.

Ekologiya İdarəsinin rəis müavini professor Əflatun Həsənov SOCAR tərəfindən biomüxtəlifliyin qorunması ilə əlaqədar görülən işlər, ekoparkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin bio-ekoloji xüsusiyyətləri və becərilmə üsulları haqqında geniş məlumat verib.

Tədbirin rəsmi hissəsində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbinin yetirmələrinin ekoloji hüquqların həyata keçirilməsi sahəsində apardıqları işlər barədə məlumatları dinlənilib. Onlar bu mövzuda şeirlər və səhnəciklər ifa ediblər. Tədbirin ikinci hissəsi ekoparkda ekskursiya xarakteri daşıyıb.

Məktəblilər körpə fidanları xüsusi qablara köçürmüş, ekoparkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərlə tanış olublar.

Tədbir iştirakçılarının hər birinə SOCAR tərəfindən təşəkkürnamələr təqdim olunub.

“Bu tədbir gənc nəslin ekoloji davranışını, habelə ekoloji hüquq normalarına münasibətini formalaşdırmağa, şəxsiyyətin ahəngdar inkişafına yönələn mühüm maarifləndirmə tədbiri kimi dəyərləndirilməlidir”, - Ombudsman Aparatından bildirilib.

Son xəbərlər

Orphus sistemi