Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısı müəyyənləşdirilib

Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısı müəyyənləşdirilib Qanuna yeni əlavə edilib
Ekologiya
14 İyul , 2018 13:37
Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısı müəyyənləşdirilib
Milli Məclis / Report

Bakı. 14 iyul. REPORT.AZ/ “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanununa yeni əlavə edilib.

“Report” xəbər verir ki, əlavədə ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısı yer alıb. Siyahıya aşağıdakılar daxildir:

1. Karbohidrogen ehtiyatlarının axtarışı, kəşfiyyatı, işlənməsi, hasilatı və nəqlinə dair layihələr;

2. Neft və qaz emalı zavodlarının layihələndirilməsi;

3. Neft, qaz və ya kimyəvi məhlulların nəqli üçün uzunluğu 20 km və daha çox, diametri 500 mm və daha çox olan boru kəmərlərinin layihələndirilməsi;

4. Neft, neft-kimya və kimyəvi məhsullar üçün əsas anbar obyektlərinin layihələndirilməsi;

5. Gücü 300 MVt və daha çox olan istilik elektrik stansiyalarının, eləcə də gücü 220 kilovoltdan, uzunluğu 15 km-dən çox olan yüksək gərginlikli elektrik xətlərinin layihələndirilməsi;

6. Atom elektrik stansiyalarının və nüvə reaktorları olan digər obyektlərin layihələndirilməsi;

7. Gücü 10 MVt-dan çox olan su, günəş, bioqaz, geotermal və digər elektrik stansiyalarının layihələndirilməsi;

8. Metallurgiya müəssisələrinin (zavodlarının) layihələndirilməsi;

9. Kimyəvi məhsulların istehsalı sahələrinin layihələndirilməsi;

10. Tikinti materiallarının (o cümlədən sement) istehsalı sahələrinin layihələndirilməsi;

11. Magistral avtomobil yollarının, dəmiryol xətlərinin (vaqonların yuyulması və təmizlənməsi stansiyaları da daxil olmaqla) layihələndirilməsi;

12. Hava limanlarının layihələndirilməsi;

13. Dəniz ticarət limanlarının, eləcə də sahil limanları ilə əlaqəli boşaltma və yükləmə məqsədli və ağırlığı 1350 tondan yuxarı gəmilərin yanalma körpülərinin (bərələr istisna olmaqla) layihələndirilməsi;

14. Təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların layihələndirilməsi;

15. İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi üzrə layihələr;

16. Hündürlüyü 15 metr və daha yüksək olan su bəndlərinin, su anbarlarının və başqa su tutumlarının (rezervuarların) layihələndirilməsi;

17. Çay hövzələri arasında su resurslarının bölüşdürülməsi üzrə layihələr;

18. Ərazi planlaşdırılması sənədlərinin layihələndirilməsi;

19. Şəhərlərin su təchizatı və kanalizasiya sistemləri kompleksinin layihələndirilməsi;

20. Su mənbələrindən istifadə (il ərzində istifadənin həcmi 10 mln. kubmetrdən artıq olduqda), eləcə də uzunluğu 20 km-dən, diametri 500 mm və daha çox olan su boru kəmərlərinin layihələndirilməsi;

21. Əhatə etdiyi sahə 1000 ha-dan çox olan irriqasiya və meliorasiya sistemləri, eləcə də magistral suvarma kanalları və kollektorların layihələndirilməsi;

22. Kağız və sellüloz istehsalı müəssisələrinin layihələndirilməsi;

23. Tikinti materialları yataqlarının mənimsənilməsi və istismarı layihələri;

24. Dağ-mədən fəaliyyəti üzrə metal (o cümlədən əlvan metal) filizlərinin yataqlardan çıxarılması, hasilatı, işlənilməsi və emalı layihələri;

25. Emal istiqamətli istehsal sahələrinin layihələndirilməsi;

26. 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələndirilməsi;

27. Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq və quşçuluq məhsulları istehsalı müəssisələrinin layihələndirilməsi;

28. İri istehsal təyinatlı sənaye müəssisələrinin (texnoparkların) layihələndirilməsi;

29. Texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin layihələndirilməsi;

30. Su fonduna aid zonalarda irimiqyaslı tikinti layihələri (süni adaların, qurğuların yaradılması və s.);

31. Böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin irimiqyaslı qırılması və ya irimiqyaslı (10 ha-dan çox olan) meşəsalma fəaliyyəti üzrə layihələr;

32. Gücü 1 MVt-dan çox olan külək elektrik stansiyalarının (külək generatorları parkları) layihələndirilməsi;

33. Yeni metro stansiyalarının, körpülərin, tunellərin layihələndirilməsi;

34. İrimiqyaslı kənd təsərrüfatı (aqroparklar), habelə balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatı fəaliyyəti üzrə layihələr.

Son xəbərlər

Orphus sistemi