ESTN plastik tullantıların ətraf mühitə mənfi təsirini azaltmaq üçün tədbirlərin icrasına başlayacaq

ESTN plastik tullantıların ətraf mühitə mənfi təsirini azaltmaq üçün tədbirlərin icrasına başlayacaq Bakı. 30 yanvar. REPORT.AZ/ “Plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) beynəlxalq ekspertlərin iştirakı ilə maraqlı tərəflərin görüşünü təşkil edib”.
Ekologiya
30 Yanvar , 2019 14:33
ESTN plastik tullantıların ətraf mühitə mənfi təsirini azaltmaq üçün tədbirlərin icrasına başlayacaq

Bakı. 30 yanvar. REPORT.AZ/ “Plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) beynəlxalq ekspertlərin iştirakı ilə maraqlı tərəflərin görüşünü təşkil edib”. 

Bunu “Report”a açıqlamasında nazirliyin sektor müdiri Mehman Nəbiyev deyib. 

Onun sözlərinə görə, nazirlik plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə “Tədbirlər Planı” qəbul olunduqdan sonra bütün maraqlı tərəflərin iştirakı ilə mərhələli şəkildə tədbirlərin icrasına başlayacaq: "Planda ətraf mühitin çirklənməsində daha çox paya malik yüngül çəkili polietilen torbalardan istifadənin məhdudlaşdırılması, marketlərdə ödənişli sistemin tətbiqi və çox yüngül çəkili növlərinin isə tam qadağan edilməsi ilə bağlı təkliflər yer alıb". 

ETSN rəsmisi qeyd edib ki, beynəlxalq təcrübə bu torbaların ödənişli olmasından sonra onlara olan tələbat 95 faizədək azaldığını göstərir: "Lakin polietilen torbalardan istifadəni azaltmaq üçün onların marketlərdə ödənişli olması yeganə həll üsulu deyil. Həmin materialların alternativləri, yəni kağız, parça, kətan torbaların istehsalının genişləndirilməsi ilə bağlı tədbirlər də nəzərdə tutulub və nazirlik beynəlxalq ekspertlərin iştirakı ilə maraqlı tərəflərin görüşünü təşkil edib. Görüşdə müvafiq qurumların, qeyri-hökumət təşkilatlarının və istehsalçı şirkətlərin nümayəndələri də iştirak edib”.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə xatırladıb ki, polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir: "Bu torbalar təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır və uzun müddət tullantı kimi qalaraq, ətraf mühiti çirkləndirir. Marketlərdə polietilen torbaların pulla satılmasının tərəfdarıyıq, lakin qiymət məsələsini biz müəyyən etmirik. Bir daha qeyd edirəm ki, polietilen torbaların pullu olmasını isə dəstəkləyirik. Marketlərdə sellofan torbaların pulsuz verilməsi ilk baxışdan yaxşı bir təşəbbüs kimi görünür. Alıcılar da bundan pulsuzdur deyə məmnuniyyətlə istifadə edirlər. Ancaq bilmirlər ki, bu torbaların ətraf mühitə, flora və faunaya mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür. Ona görə də, sellofan torbalardan istifadə tədricən məhdudlaşdırılmalıdır. Bu torbalar qısa müddət ərzində istifadə edildikdən sonra atılır və yol kənarında, ətraf ərazilərdə xoşagəlməz mənzərə yaradır".

İ.İbrahimova qeyd edib ki, nazirlik bir müddət əvvəl polietilen torbaların tədricən azaldılması və məhdudlaşdırılması təşəbbüsünü irəli sürüb və bununla bağlı KİV nümayəndələrinin iştirakı ilə aksiyalar keçirilib, ictimaiyyət arasında sorğular aparılıb: "Plastik və polietilen tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanıb və qərar verilməsi üçün aidiyyəti qurumlara təqdim edilib. Hazırda polietilen torbaların pullu olması, plastik qablaşdırma materiallarından istifadənin məhdudlaşdırılması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması və bu kimi digər məsələlərlə bağlı təkliflər paketi razılaşdırma mərhələsindədir. ETSN vətəndaşlarımızı təmiz ətraf mühit üçün polietilen torbalardan imtina etməyə, alış-verişlərdə parça torbalardan və həsir zənbillərdən istifadə edərək ətraf mühitin qorunmasına töhfə verməyə çağırır".

Son xəbərlər

Orphus sistemi