Yuxarı
    Bağlamaq

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi iməcilik keçirib - FOTO

    Hüseynqulu Bağırov: Bu gün 5 hektar ərazidə yeni yaşıllıq sahəsi salınıb, təzə əkilən ağaclar suvarılıb

    Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun kənarında salınan yaşıllıq sahələrinin davamı olaraq 15-ci kilometrlikdə çirklənmədən və bataqlıqdan təmizlənmiş yeni ərazilərdə ağacəkmə aksiyası keçirib.

    "Report" xəbər verir ki, aksiyada ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, nazirliyin əməkdaşları ilə birgə qeyri-hökumət təşkilatları, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri, ümumilikdə min nəfərə yaxın şəxs iştirak edib.

    Nazir Hüseynqulu Bağırov bildirib ki, bu gün 5 hektar ərazidə yeni yaşıllıq sahəsi salınıb, təzə əkilən ağaclar suvarılıb: "Nazirliyin daxili imkanları hesabına yeni salınmış 25 hektar ərazidəki yaşıllıqlara isə aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd yaşıllıqların salınması, onlara qulluq göstərilməsinin ictimailəşdirilərək təşviq edilməsi və insanların ətraf mühitin mühafizəsinə diqqətinin artırılmasıdır".

    Nazirin sözlərinə görə, son 10 ildə Azərbaycanda 103 min hektar sahədə meşəbərpa işləri aparılıb və yeni meşələr salınıb: "80 milyon ədəd ağac yetişdirilib. Paytaxtda və Azərbaycanın bütün bölgələrində meşə fonduna daxil olmayan torpaqlarda 21 milyondan artıq ağac əkilib, yaşıllıq zolaqları salınıb. O cümlədən ölkə başçısının tapşırığı əsasında 5 ildə təkcə magistral avtomobil yollarının ətrafında, Bakı və paytaxt ətrafındakı arid sahələr və aşağı keyfiyyətli torpaqlarla əhatə olunmuş ərazilərdə, həmin torpaqların təmizlənərək yararlı vəziyyətə gətirilməsindən sonra müasir metodlara əsaslanan irimiqyaslı yaşıllaşdırma layihələri həyata keçirilib, 4 min hektara yaxın ərazidə 4 milyon 711 min ədəd ağac əkilib. Onların suvarılması üçün 10,8 min kilometr uzunluğunda müasir damcılı suvarma sistemi yaradılıb. Prezident İlham Əliyevin xüsusi göstərişi əsasında yaşıllıqların salınmasında həm ekoloji, həm də iqtisadi faydası olan zeytun ağaclarından istifadə olunub və son 5 ildə 2700 hektar ərazidə 1 milyon 240 min ədəd zeytun ağacı əkilib. Bunun hesabına da indi zeytun sahələri tarixən Azərbaycanda mövcud olan zeytunla örtülü ərazilərlə müqayisədə 3 dəfədən çox artıb".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi