Bakı. 12 iyul. REPORT.AZ/ "Aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir. Bu proses geniş vüsət alıb. Bu günə qədər bizim təşəbbüsümüzlə və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılıb."
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasının yekun nitqində bildirib.
Prezident İlham Əliyev deyib ki, indi 38 böyük aqropark yaradılır: "Özəl sektor bizim təşəbbüsümüzə çox məsuliyyətlə yanaşdı. Tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaq."
Dövlət başçısı Mingəçevir Sənaye Parkında 9 zavod tikiləcəyini və bu zavodların fəaliyyəti nəticəsində 5 mindən çox iş yerinin yaradılacağını söyləyib: "Ümid edirəm ki, ilin sonunda birinci zavodun açılışı da olacaq və Mingəçevir böyük sənaye şəhəri kimi özünün imkanlarını genişləndirəcək.
Balaxanı Parkında 5 zavod fəaliyyətə hazırdır. Neftçala Sənaye Zonasında yaxın vaxtlarda iki müəssisə fəaliyyətə başlayacaq. Pirallahı adasında iki dərman zavodunun təməli qoyuldu. Masallı Sənaye Zonasında isə artıq torpaq sahəsi ayrılıb və 30 milyon manatdan çox investisiya təklifi qəbul edilib. Bax, bu, artıq gördüyümüz işlərin gözəl təzahürüdür. Əminəm ki, bütün rayonlarımızda tapşırıq verdiyim kimi, tezliklə sənaye zonaları yaradılacaq".