Yuxarı
    Bağlamaq

    Direktor müavini: "Bu il Azərbaycanda qanunsuz ov edən 4 nəfər xarici vətəndaş cərimələnib" - MÜSAHİBƏ

    Hikmət Əlizadə: Qanunları bilməmək insanları məsuliyyətdən azad etmir

    Bakı. 30 noyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadənin "Report"a müsahibəsi.

    - Hazırda ov mövsümüdür. Azərbaycanın hansı ərazilərində ov etmək olar? 

    - Azərbaycanda hər il mayın sonu, iyunun əvvəli ov mövsümü açılır və fevralın sonunda bağlanır. Bu il mayın 29-dan mövsüm açıq elan olunub. Dövlət statusu olan ovçuluq təsərrüfatlarında ov etmək mümkündür. Yəni təbii sərbəst və yarımsərbəst şəraitdə yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslərin yetişdirib artırdığı vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləri ov yerləridir.

    Ov sahələri yaşayış məntəqələrindən uzaqda, dövlət-təbiət qoruqları, milli parklar, sanitar-mühafizə zonalarından kənar yerlərdə yerləşməlidir. Yaşıllıqlardan, parklardan, insanların istirahət mərkəzlərindən bir neçə kilometr uzaqlıqda yerləşən, yəni insanlara zərər vurmayan sahələr ov sahəsi kimi müəyyən edilir. Ov etmək üçün xüsusi saat yoxdur, amma həftənin şənbə-bazarı ov günləri hesab olunur.

    - Ovçuluqla kimlər məşğul ola bilər? Ov bileti necə alınır?

    - Ovçuluq etmək istəyən şəxs yetkinlik yaşına çatmalı, yəni 18 yaşından kiçik olmamalıdır. Həmin şəxsin əqli və fəaliyyət qabiliyyəti normal olması zəruridir. Ovçunun həmçinin rəsmi sənədi olan ov silahı olmalıdır. Silahın saxlanılması və gəzdirilməsinə icazəni Daxili İşlər Nazirliyi verir. 

    Ovçuluq fəaliyyəti isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ovçuluq üçün ayrılan ov yerlərində ovçuluq və üzvlük bileti əsasında verilən icazəyə müvafiq olaraq həyata keçirilir.

    Ovçuluq bileti almaq üçün vətəndaş minimum sınaq imtahanı verməlidir. İmtahan test üsulu ilə aparılır. Vətəndaşların işini asanlaşdırmaq üçün həm nazirlikdə, həm də regionlarda imtahanlar təşkil olunur. Bileti almaq üçün dövlət rüsumu Tarif Şurasının qərarı ilə müəyyənləşdirilib və 11 manat təşkil edir.

    Ov etmək üçün icazədə ov obyektlərinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazədə göstərilən normadan (saydan) artıq əldə edilən ov məhsulları ovçulardan geri alınır və onlara qarşı qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq tədbirlər görülür.

    - Ovçuluq hüququ hansı hallarda alınır?

    - Ov etmək istəyən şəxs Azərbaycan qanunvericiliyini pozursa, onun hüququ məhdudlaşdırılır, əlindən alınır və yaxud digər sanksiyalar tətbiq edilir. Ovla məşğul olan insan qanunları bilməlidir, qanunları bilməmək insanları məsuliyyətdən azad etmir. Ovçu bilməlidir ki, hansı heyvan qırmızı kitaba düşüb, hansı heyvanı ovlamaq olar, hansını olmaz. Qaydalar pozulduqda şəxs saxlanılır, ov silahı götürülür və ya yüksək miqdarda cərimə tətbiq edilir. Təbii ki, ov hüququ da əlindən alınır. 

    - Azərbaycanda qeyri-qanuni ov edənlərə nə qədər cərimə tətbiq olunur? Azərbaycanda ov fəaliyyəti ilə qeyri-qanuni məşğul olan xarici vətəndaşlar müəyyən olunubmu və onlardan cərimələnən varmı?

    - Dəqiq cərimələrin miqdarını deyə bilmərəm, çünki cərimələr fərqlidir. Ümumilikdə deyə bilərəm ki, qanunsuz, yəni nəzərdə tutulmayan, heyvanların çoxalma dövründə ova gedən vətəndaşa qarşı min manatdan iki min manata qədər cərimə tətbiq edilir. Bundan əlavə, vətəndaş hansısa heyvanı ovlayıbsa, həmin heyvandan asılı olaraq təbiətə dəymiş ziyan hesablanır, çünki hər bir heyvanın öz dəyəri var.

    Bu ilin ötən dövrü ərzində bizim departament qeyri-qanuni ov fəaliyyəti ilə məşğul olan 4 nəfər xarici vətəndaşı saxlayıb. Onların hər biri 2 min manat cərimə olunub və ölkədən çıxarılması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi