Direktor: "Bizi ittiham edənlər qanunsuz balıq ovlayanların yaxınlarıdır"

Direktor: "Bizi ittiham edənlər qanunsuz balıq ovlayanların yaxınlarıdır" Azərbaycanda həvəskar balıq ovçuları üçün çoxlu sayda imkanlar yaradılsa da, son dövrlər sosial şəbəkələrdə balıq ovu sahəsində özbaşınalıqlar, yəni bu sahədə problemlərin olması, aidiyyəti qurumlar tərəfindən qarşısının alınmaması ilə bağlı ciddi ittihamlar səslənir.
Ekologiya
11 Oktyabr , 2019 16:10
Direktor: Bizi ittiham edənlər qanunsuz balıq ovlayanların yaxınlarıdır

"Azərbaycanda həvəskar balıq ovçuları üçün çoxlu sayda imkanlar yaradılsa da, son dövrlər sosial şəbəkələrdə balıq ovu sahəsində özbaşınalıqlar, yəni bu sahədə problemlərin olması, aidiyyəti qurumlar tərəfindən qarşısının alınmaması ilə bağlı ciddi ittihamlar səslənir".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, bu sahədə ciddi problemlərin olması qaçılmazdır: "Çünki brakonyerlik bütün dövrlərdə olan və bu gün də hətta ən inkişaf etmiş ölkələrdə belə qeydə alınan haldır. Bu gün dünyada qeyri-qanuni dəniz məhsullarının dövriyyəsi 25 milyard dollar civarında qiymətləndirilir və ümumi tutulan balıq məhsullarının, təxminən, 2/5 qədəri (qeyri-rəsmi daha da çox) brakonyerliyin payına düşür".

H.Əlizadə qeyd edib ki, müxtəlif su hövzələrində olan bu cür qanunsuzluqların eyni vaxtda, qısa müddətdə qarşısının alınması mümkün deyil: "Bu məsələni qaldıran şəxslər özləri bu sahəyə kömək etməlidir. Mücərrəd məlumatların verilməsi, ittihamların səslənməsi düz deyil, konkret ünvanlı məlumat olmalıdır. Əgər məsələni qaldıran şəxsin təbiət üçün, həqiqətən, ürəyi yanırsa, konkret ad çəksin, ilk növbədə, özü onun qarşısını almağa cəhd etsin. Çünki bu adamlar onun yaxın adamları, kəndliləri və yaxud vaxtilə birlikdə işlədiyi adamlardır. Təəssüf ki, bugünkü ittihamların əksəriyyəti mücərrəd səslənir, bu sahədə insanlar yalnız aidiyyəti oldu-olmadı dövlət qurumlarını ittiham eləməyə çalışır və birbaşa özlərinin üzərinə düşən vəzifəni görmürlər".

Xatırladaq ki, sənaye balıq ovu kvotalarının alınması bu ildən etibarən "ASAN xidmət"ə keçib. Artıq bu yolla məmurla vətəndaşın birbaşa ünsiyyəti yoxdur, "ASAN xidmət"ə müraciət olunur və balıq ovu kvotaları oradan əldə edilir. Bu da, öz növbəsində, şəffaflığa və çevik yolla kvotaların əldə olunmasına təminat yaradır

Son xəbərlər

Orphus sistemi