DİN: Ekoloji qanunvericiliyi pozan 248 nəfər inzibati məsuliyyətə cəlb olunub

DİN: Ekoloji qanunvericiliyi pozan 248 nəfər inzibati məsuliyyətə cəlb olunub Həmin şəxslər 28 350 manat cərimə ediliblər
Ekologiya
19 Aprel , 2017 15:36
DİN: Ekoloji qanunvericiliyi pozan 248 nəfər inzibati məsuliyyətə cəlb olunub

Bakı. 19 aprel. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkənin şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar-mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının urnalardan kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədi ilə tədbirləri davam etdirir.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu ilin birinci rübü ərzində şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 244-cü (torpaqların zibillənməsi və korlanması), 266-cı (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizə tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozan 248 nəfər inzibati məsuliyyətə cəlb olunub. Həmin şəxslərə tətbiq olunan cərimələr 28 350 manat təşkil edib.

Təkcə bu ilin mart ayında keçirilən birgə tədbirlərlə paytaxtın Sabunçu, Suraxanı, Binəqədi, Xəzər, eyni zamanda, Abşeron rayonları ərazilərində İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddələrinin tələblərini pozan 12 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub, onlara 17450 manat cərimə tətbiq edilib.  

Son xəbərlər

Orphus sistemi