Departament direktoru: "İki halda canavarın vurulmasına görə vətəndaşı heç bir cərimə və cəza gözləmir"

Departament direktoru: "İki halda canavarın vurulmasına görə vətəndaşı heç bir cərimə və cəza gözləmir" Özünümüdafiə və təsərrüfatını qorumaq məqsədilə canavarın vurulmasına görə vətəndaşı heç bir cərimə və cəza gözləmir.
Ekologiya
3 May , 2019 15:34
Departament direktoru: İki halda canavarın vurulmasına görə vətəndaşı heç bir cərimə və cəza gözləmir

"Özünümüdafiə və təsərrüfatını qorumaq məqsədilə canavarın vurulmasına görə vətəndaşı heç bir cərimə və cəza gözləmir".

"Report" xəbər verir ku, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyininin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 1979-cu ildə qəbul olunan, Avropanın vəhşi təbiəti, yabanı florası və təbii yaşayış mühitinin qorunması Konvensiyası canavarların ovlanmasını qadağan edir: "Azərbaycan bu Konvensiyanı 1999-cu ildə ratifikasiya edib. Bu səbəbdən də istisnalar olmaqla, bir sıra vəhşi heyvanların, o cümlədən canavarların ov obyekti kimi vurulmasına icazə verilmir. Meşənin içində, canavar və digər vəhşi heyvanların təbii areallarında onları səbəbsiz olaraq, əyləncə naminə öldürmək olmaz. Vətəndaşların təhlükəsizliyi nöqteyi-nəzərindən canavarların sayının tənzimlənməsi mümkündür, lakin bu elmi əsaslarla həyata keçirilməlidir. Belə ki, əgər canavar yaşayış məntəqəsinə və ya otlaq sahələrində otlayan mal-qaraya hücum edirsə və bu hal təkrarlanaraq əhalinin təhlükəsizliyinə, kənd təsərrüfatı heyvanlarına ciddi təhdid yaradırsa, onun vurulması, sayının tənzimlənməsi mümkündür. Buna görə heç bir cərimə və ya cəza tətbiq olunmur. Çünki Azərbaycan qanunvericiliyində özünümüdafiə tədbirləri üçün xüsusi maddələr mövcuddur və kəndli, yaxud təsərrüfat sahibi yırtıcıların hücumları zamanı özünü, təsərrüfatını qorumaq hüququna malikdir". 

H.Əlizadə qeyd edib ki, vəhşi heyvanların, o cümlədən canavarların kəndlərə, insanlara hücumlarının qarşısının alınması üçün Nazirlik tərəfindən bir neçə il əvvəl müvafiq regional şöbələrə göstərişlər verilib və işçi qruplar yaradılıb. Bu işçi qruplar yırtıcıların hücumu ilə bağlı müraciətlər daxil olduqda ərazilərə gedərək araşdırma aparır və mövcud problemlərin aradan qaldırılması üçün tədbirlər görülür: "Son dövrlər bu halların daha da intensivləşməsi ilə bağlı Nazirliyin əksər aidiyyəti yerli qurumlarında əməkdaşlarımız və peşəkar ovçulardan ibarət işçi qruplar yaradılıb. Bu qruplar insanlara təhlükə yaradan ərazilərdə yırtıcıların sayının tənzimlənməsini diqqətdə saxlayır, növbətçilik təşkil olunur, əhali arasında maarifləndirmə işləri həyata keçirilir. Hər hansı bir heyvanın nəsli kəsilməsinə cəhd göstərmək yolverilməzdir. Biz aprel ayından etibarən Nazirilikdə işçi qrupu yaratdıq. Xüsusən işçi qrupunda çalışan ovçular yaşayış məntəqələrində nəzarət etməyə cəlb olundular". 

O bildirib ki, ov məqsədiylə canavarı ovlayanlara 1050 manat cərimə tətbiq olunacaq. Amma özünü qorumaq məsqsədiylə canavar öldürənlərə cərimə tətbiq olunmur.

Direktor vətəndaşlardan xahiş edib ki, təsərrüfatlarında zəruri mühafizə tədbirləri görsünlər və təhlükə barədə dərhal Nazirliyin 168 nömrəli "Qaynar xətti"nə məlumat versinlər.

Son xəbərlər

Orphus sistemi