Yuxarı
    Bağlamaq

    Azərbaycan seysmik stansiyaların dənizin hansı hissəsində quraşdıracağını açıqlayıb

    Ölkədə quru ərazidə ən azı 50, Xəzər dənizində isə 10 belə stansiya olmalıdır

    Bakı. 12 dekabr. REPORT.AZ/ "Dənizin dibində quraşdırmaq istədiyimiz seysmik stansiyalar artıq alınıb və gələn il bütün lazımi işlər görüləcək. Həmin stansiyaların Azəri-Günəşli-Çıraq platforması yaxınlığında, eləcə də "Ümid", "Bahar" yataqlarının yanında quraşdırılması nəzərdə tutulub". Bunu "Reprot"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

    Onun sözlərinə görə, quruda 5 rayonda - Neftçala, Ağdaş, Daşkəsən, Xızı ilə Sumqayıt arasında stansiyaların qurulmasını planlaşdırılır: "Şəbəkə nə qədər sıx olsa, bir o qədər gedən prosesləri izləməyə imkanımız çox olacaq. Bu da bizə parametrlərin təyini, yerin dərinlik quruluşunun öyrənilməsi, həmçinin ocaq mexanizmində baş verən zəlzələnin hansı tip prosesdə baş verdiyini araşdırmaqda yardımçı olacaq. 

    Müqayisə üçün deyim ki, təkcə Kaliforniya ştatında 2000 bu cür stansiya qurulub. Azərbaycanda isə bu rəqəm hələ 35-dir. Lakin ölkədə quru ərazidə ən azı 50, Xəzər dənizində isə 10 belə stansiya olmalıdır. Bunlar bizə dənizin dibini öyrənmək, seysmikliyi müəyyən etmək, təhlükəli zonaları təyin etmək, potensial gücə malik zəlzələ ocaqlarının və riskin qiymətləndirilməsi üçün lazımdır",- Q.Yetirmişli əlavə edib.

    Mərkəz tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda dənizdibi seysmik stansiyaların quraşdırılması işlərinin davam etdiyini deyən direktor vurğulayıb ki, təkcə keçən il quruda 4 seysmik stansiya fəaliyyətə başlayıb: "Bu stansiyalar Ağdam, Füzuli, Beyləqan və Yardımlı seysmik stansiyalarıdır. Hazırda AMEA nəzdində RSXM-nin quruda 35 telemetrik stansiyasi fəaliyyət göstərir. Bundan başqa, bütün hadisələri yazan, gözləmə rejimində olan (peykə qoşulmasa da) 5 radio əlaqəli stansiyalarımız var, hətta onlardan biri Çilov adasındadır". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi