Yuxarı

Daşgil palçıq vulkanı müalicəvi, yoxsa təhlükəlidir?

Daşgil palçıq vulkanı müalicəvi, yoxsa təhlükəlidir?

Bakı şəhəri, Qaradağ rayonundakı Daşgil palçıq vulkanının ərazisinə turlar təşkil olunur, bəzən də insanlar bu vulkanların palçığından müalicə məqsədilə istifadə edərək onun tibbi faydasından yararlanmağa çalışırlar.

“EkoSfera” Sosial-Ekoloji Mərkəzin direktoru Firuzə Sultanzadə “Report”a açıqlamasında bildirib ki, bütün dünyanın unikal hesab etdiyi Azərbaycanın təbii gözəllikləri ilə həmyerlilərimiz də maraqlanmağa başlaması sevindirici haldır:

“Palçıq vulkanları fəxr ediləsi və qorunulması vacib təbiət obyektləridir.

Lakin insanların bu palçıq vulkanından kütləvi və kortəbii istifadə etməsi müəyyən təhlükə yaradar, insan sağlamlığına zərər vura bilər. Belə unikal obyektlərdə çimmək və bunu müalicəvi SPA proseduru adlandırmaq nə dərəcədə doğrudur?”

“Report” məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşı Nərmin Babaşovadan da açıqlama alıb. O bildirib ki, vətəndaşlar tərəfindən müalicə məqsədi İlə istifadə olunan Daşgil palçıq vulkanının tərkibinin öyrənilməsi ilə bağlı nazirliyə də daxil olan müraciətlər və əhalinin narahatlığı nəzərə alınaraq Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri sözügedən palçıq vulkanının ərazisində monitorinq keçirib, radiasiya fonu ölçülüb və vulkan məhlulundan (brekçiya) nümunələr götürülərək analizlər aparılıb: "Analizlərin nəticələrinə görə vulkan məhlulunda ağır metalların (As, Cd, Pb) miqdarının yol verilən qatılıq həddindən dəfələrlə artıq olduğu müəyyən edilib. Ərazinin radiasiya fonu isə norma daxilində olub”.

Nərmin Babaşova palçıq vulkanının insan sağlamlığına təsirinin müəyyən olunması məqsədilə analizlərin nəticələrinin Səhiyyə Nazirliyinə təqdim olunduğunu da bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi