Coğrafiya İnstitutu: Dünəndən etibarən Azərbaycan ərazisinə tropik hava kütlələri daxil olub

Coğrafiya İnstitutu: Dünəndən etibarən Azərbaycan ərazisinə tropik hava kütlələri daxil olub Havanın temperaturu 6-7 dərəcə düşə bilər
Ekologiya
26 Aprel , 2016 14:25
Coğrafiya İnstitutu: Dünəndən etibarən Azərbaycan ərazisinə tropik hava kütlələri daxil olub

Havanın temperaturu 6-7 dərəcə düşə bilər

Bakı. 26 aprel. REPORT.AZ/ "Dünəndən etibarən Azərbaycan ərazisinə tropik hava kütlələri daxil olub. Dünənə qədər isə ölkə ərazisində mülayim hava kütlələri hökm sürürdü".

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.

İqlimşünas xatırladıb ki, tropik hava kütlələri cənubdan Azərbaycana daxil olaraq qışda havanın quru və mülayim, yayda isə isti və quru keçməsinə səbəb olur: "Son günlərdə havanın temperaturunun normadan artıq olması da məhz tropik hava kütləsinin ölkə ərazisinə daxil olması ilə bağlıdır. Bu səbəbdən də həm son iki gündə, həm də növbəti iki gündə temperaturun 28-29 dərəcəyədək yüksəlməsi normaldır".

Mütəxəssis qeyd edib ki, 29-30 dərəcə temperatur aprel ayı üçün xarakterik deyil: "Hər il aprel ayının ayrı-ayrı günlərində yüksək temperatur olur".

M.Həsənov isti hava şəraitindən sonra yenidən havanın temperaturunun enməsi ehtimalının olub-olmaması ilə bağlı da danışıb: "Temperaturun normadan çox olması və atmosfer təzyiqinin daha aşağı olması səbəbindən ola bilsin ki, növbəti günlərdə ölkə ərazisinə şimal tərəfdən hava kütlələri nisbətən surətlə daxil olsun. Havanın temperaturu 6-7 dərəcə düşə bilər. Yəni havanın temperaturunun çox da kəskin düşmə ehtimalı hələlik yoxdur. Ola da bilər ki, havanın temperaturu tədricən düşsün, çünki tropik hava kütlələrinin Azərbaycanda qalma ehtimalı daha çoxdur".

Son xəbərlər

Orphus sistemi