Çimənə həsrət qalan Buzovna çimərliyi... - FOTO

Çimənə həsrət qalan Buzovna çimərliyi... - FOTO Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən istifadəsi məqsədəuyğun hesab edilməyən Şıx çimərliyindəki vəziyyət barədə məlumat vermişdik.
Ekologiya
21 İyun , 2019 15:17
Çimənə həsrət qalan Buzovna çimərliyi... - FOTO
Report/Elchin Murad

Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən istifadəsi məqsədəuyğun hesab edilməyən Şıx çimərliyindəki vəziyyət barədə məlumat vermişdik.

“Report”un əməkdaşları bu dəfə istifadəyə yararlı Buzovna çimərliyinə baş çəkib. 

Çimərlik suyunun istifadə üçün uyğun olmasına baxmayaraq, hava küləkli olduğundan burada istirahət edənlərin sayı az idi. Ətrafda bəzi ərazilər özəlləşdirilib, müəyyən xidmət səviyyəsi yaradılıb. Əraziyə nəzarət edən (nəzarətin rəsmi, yaxud qeyri-rəsmi edildiyi bilinmir) işçilər çəkiliş aparmaq üçün icazə verilmədiyini bildirdi.

Elə bu yaxınlarda, iyunun 15-i “Son zəng” günü 3 məzun Buzovna çimərliyində üzərkən boğulub. Onlardan ikisi xilas edilsə də, 3-cü gəncin həyatını qurtarmaq mümkün olmadı. Yeri gəlmişkən, ərazidə olduğumuz müddətdə Fövqəladə Hallar Nazirliyinin xilasedicilərini görmədik.

Ətrafdakı təmizliyə gəlincə, burdakı durum Şıx çimərliyindəki vəziyyətdən dəfələrlə yaxşı idi. 

İstirahət üçün gələnlərdən biri bildirir ki, bu çimərlik şəhərdən uzaq olduğu üçün çox adam olmur: "İnsanlar daha çox şəhər mərkəzinə yaxın ərazidəki çimərliklərə üz tutur. Yol uzaqdı, istirahət günləri bura ətrafdakı sakinlərin sayı hesabına dolu olur".

Xatırladaq ki, çimərlik mövsümünün başlanması ilə əlaqədar olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə çimərlik sahələrində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparıb. Analizlərin nəticələrinə görə, Türkan, Hövsan, Şıx, Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır. Bu səbəbdən vətəndaşların qeyd olunan çimərliklərdən istifadə etmələri məqsədəuyğun hesab edilmir. Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri isə analizlərin nəticələrinə görə, çimərlik kimi istifadəyə yararlıdır.

Son xəbərlər

Orphus sistemi