Cəlilabadda meşədə yanğın olub

Cəlilabadda meşədə yanğın olub Yanğının baş vermə səbəblərinin və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır
Ekologiya
20 İyun , 2016 16:29
Cəlilabadda meşədə yanğın olub

Bakı. 20 iyun. REPORT.AZ/ Cəlilabad rayonunda meşədə yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, hadisə bu gün saat 14 radələrində Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Göytəpə meşəbəyliyinin 16 saylı dolayının yüksək dağlıq ərazisində qeydə alınıb: "Yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb olunub. Ərazi yüksək dağ massivində yerləşdiyindən yanğının söndürülməsi üçün əsasən əl əməyindən istifadə edilib və Nazirliyin əməkdaşlarının ciddi səyləri nəticəsində qısa müddət ərzində söndürülüb. Yanğın 20 sot ərazini əhatə edib və meşə fonduna ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.

Yanğının baş vermə səbəblərinin və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.

Son xəbərlər

Orphus sistemi