Bu Mərkəzdə saxlanılan ayının gözləri görmür... - REPORTAJ

Bu Mərkəzdə saxlanılan ayının gözləri görmür... - REPORTAJ 5 iyun Beynəlxalq Ətraf Mühit günü ilə əlaqədar Altıağac Milli Parkının ərazisində yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Vəhşi Təbiətin Bərpası Mərkəzində tədbir keçirib.
Ekologiya
7 İyun , 2021 11:57
Bu Mərkəzdə saxlanılan ayının gözləri görmür... - REPORTAJ

5 iyun - Beynəlxalq Ətraf Mühit günü ilə əlaqədar Altıağac Milli Parkının nəzdində yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Vəhşi Təbiətin Bərpası Mərkəzində tədbir keçirib.

“Report” xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak, nazirliyin əməkdaşları, rəsmi qonaqlar və media nümayəndələri iştirak edib.

Nazir çıxışında Beynəlxalq Ətraf Mühit gününün əhəmiyyəti barədə iştirakçılara məlumat verib.

M.Babayev hər il 5 iyunda “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin qorunması, təbiətin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirildiyini xatırladıb.

O həmçinin bildirib ki, yaşıllıq sahələrinin artırılması baxımından davamlı işlər görülür:

“Ölkədə fəaliyyət göstərən Milli parkların ərazilərinin daha da yaşıllaşdırılması və təkmilləşdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Bəzən yaşıllıqların məhv edilməsi ilə bağlı faktlar görürük. Bu sahədə inzibati metodlarla iş görmək çətindir. Cəmiyyətlə birgə qabaqlayıcı tədbirlərin görülməsi daha effektli olur. Çünki ictimai qınaqla daha tez nəticə əldə etmək olur”.

BMT rəsmisi Melek Çakmak isə qeyd edib ki, ekoloji tarazlığın qorunması çox vacib məsələdir: “Yaxşı kənd təsərrüfatı qurmaq üçün keyfiyyətli torpaq və çirklənməyən suya, eləcə də təmiz havaya ehtiyac var. Bütün bunlar olmalıdır ki, məhsuldar təsərrüfat qura bilək. Bundan başqa, yaxşı qidalanma, yaxşı istehsal və təbii fəlakətlərə davamlı ekosistem qurulması mütləqdir. Bütün bu sadalanan görüləcək işlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sıx əməkdaşlıq edilir”.

M.Çakmak yeni layihələr barədə də məlumat verib. Onun sözlərinə görə, hazırda bal meşələri layihəsi üzərində çalışılır:

“Eyni zamanda Azərbaycandakı Milli parkların yaxşı idarəolunması üçün işlərə başlanılacaq. Şoranlaşmış torpaqlarla bağlı da layihələrimiz olacaq”.

Çıxışlardan sonra tədbir iştirakçıları mərkəzdə reabilitasiyaya qəbul edilən heyvanlara baxış keçirildi. Məlumat verildi ki, bu il ərzində realbilitasiya üçün üç mərkəzə bir baş qonur ayı, bir baş tülkü, bir baş qartal gətirilib. Baytar həkim onları müayinə edəcək və aqibətləri barədə qərar qəbul ediləcək.

Mərkəzdə həmçinin ötən il Şəkidə şəhərdə peyda olan qonur ayının müalicəsi də həyata keçirilir. Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirir ki, həmin ayı Azərbaycan faunasının nəsli kəsilmək təhlükəsi olan növlərindəndir:

“Onun vəhşi təbiətə buraxılması mümkün deyil. Çünki onun hər iki gözü görmür. Bu səbəbdən bir az aqressivdir. Həm öz, həm də digər canlıların təhlükəsizliyi üçün onun burada qalması daha uyğundur”.

Gözləri görmədiyindən aqressivlik edən qonur ayı ancaq onun üçün ayrılmış qaranlıq yuvasında idi. Orda olduğumuz müddətdə bayıra çıxmadı. Ayının yalnız gecələr yuvasından çıxdığını öyrəndik. Mərkəzdə nəzarətçilik edən əməkdaşlar xəbərdarlıq etdi ki, maksimum dərəcədə sakitliyə riayət etmək lazımdır. Əks halda ayı güclü nərəsi və aqressivliyi ilə ziyarətçiləri qorxuda bilər. Odur ki, qəfəslərdə saxlanılan digər ayıları sakitliyə riayət edilərək izləyə bilirdik.

Daha sonra tədbir iştirakçıları Milli parkın ərazisində olan meşəliyin içərisində ziyarətçilərin istirahəti üçün təşkil edilən piknik yerinə getdi. Orada istirahət üçün bütün lazımi şərait yaradılmışdı. Uşaqlar üçün əyləncələr də düşünülmüşdü. Hətta yoqa ilə məşğul olmaq istəyənlər də yaşıllıqlar içərisində ruhlarını dincəldə bildilər.

Piknik yerində taxta oturacaqlar və ocaq qalanması üçün yerlər də mövcuddur. Bir sözlə, asudə vaxtını səmərəli və təbiətin qoynunda keçirmək istəyənlər üçün gözəl mənzərəli məkan ziyarətçilərin yolunu gözləyir. Unutmaq lazım deyil ki, istirahətini başa vuran şəxslər tullantılarını ərazidə olan zibil qablarına atmaqları mütləqdir.

Qeyd edək ki, dünya əhalisinin diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək, ekoloji şüurun yüksəldilməsi məqsədilə 1972-ci ildən başlayaraq hər il bu gün “Beynəlxalq Ətraf Mühit Günü” kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi