Bu ilin yazında Azərbaycanda havanın orta temperaturu normadan yüksək olacaq

Bu ilin yazında Azərbaycanda havanın orta temperaturu normadan yüksək olacaq ​Respublika çaylarında yaz-yay gursululuq dövrünün axım proqnozu da açıqlanıb
Ekologiya
12 Aprel , 2016 11:04
Bu ilin yazında Azərbaycanda havanın orta temperaturu normadan yüksək olacaq

Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycanda qar-su ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə aparılmış qarölçmə işlərinin nəticələri, eyni zamanda aylıq və fəsillik hava proqnozları məlumatları nəzərə alınmaqla respublika çaylarında aprel, may, iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozu hazırlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, hər il sistematik olaraq hazırlanan yaz gursululuğunun və çaylarda daşqın hadisələrinin axım proqnozu əhaliyə, infrastruktur sahələrə dəyə biləcək ziyanların minimuma endirilməsində, müxtəlif məqsədlərlə sudan istifadədə, o cümlədən su anbarlarında səviyyənin tənzimlənməsində, enerji istehsalının, suvarmanın, su təchizatının balanslı təşkil edilməsində böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, 2015-2016-cı illərin qış dövründə Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin dağ və qismən də dağətəyi zonalarında qar örtüyünün yaranması dekabr ayının əvvəlindən başlayaraq yanvar və fevral aylarının ayrı-ayrı günlərində fasilələrlə davam edib. Bu ilin qış dövründə qarın keçən ilə nisbətən çox yağmasına baxmayaraq, yanvar və fevral aylarının ayrı-ayrı günlərində havanın temperaturunun yüksəlməsi orta dağlıq ərazilərdə qar ehtiyatının tədricən əriyərək azalmasına səbəb olub. Eyni zamanda mart ayında havanın temperaturunun yüksək olması və yağan intensiv yağışlar dağlıq ərazilərdə, qismən də yüksək dağlıq ərazilərdə qarın tədricən əriməsinə və qar örtüyünün azalmasına səbəb olub.

Bu il çay hövzələrində aparılan qarölçmə işlərinin nəticələrinə görə yalnız Böyük Qafqazın şimal-şərq (Quba, Qusar, Xaçmaz) yamacı çaylarının hövzələrinə yağan qar həm çoxillik normadan, həm də keçən il ilə müqayisədə 20 faiz çox, Böyük və Kiçik Qafqazın digər bölgələrinə ilə müqayisədə isə orta hesabla 16 faiz az olub.

Aprel-iyun ayları üçün gursululuq dövrünün proqnozuna əsasən transsərhəd çaylar üzrə: Kür çayından Şəmkir su anbarına axım normanın 61-83, Qanıx çayından Mingəçevir su anbarına axım normanın 63-90, Araz çayından Araz su anbarına axım isə normanın 34-67 faizini təşkil edəcəyi gözlənilir.

Respublikanın dağ çayları üzrə: Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında sululuğun normanın 65-95, şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında normanın 90-107, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl) çaylarında 50-90, Naxçıvan MR çaylarında 30-85, Lənkəran-Astara bölgəsi çaylarında isə 35-85 faizini təşkil edəcəyi gözlənilir.

Bu il qar ehtiyatının normadan əsasən az olmasına, yaz (aprel-may-iyun) yağıntılarının isə normadan əsasən az gözlənilməsinə baxmayaraq gursululuq dövrünün ayrı-ayrı günlərində yağacaq leysan xarakterli yağışlar nəticəsində bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur.

2016-cı ilin gursululuq dövrünün proqnozuna dair xüsusi qeydlər: 

Bu il respublikanın daxili çay hövzələrində qarda olan su ehtiyatı yalnız Böyük Qafqazın şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarının hövzələrində həm çoxillik normadan, həm də keçən il ilə müqayisədə 20 faiz çox, Böyük və Kiçik Qafqazın digər bölgələrinə yağan qar isə ümumilikdə çoxillik normadan orta hesabla 22 faiz, keçən il ilə müqayisədə isə orta hesabla 16 faiz az olub.

Bu il respublikanın daxili çay hövzələri ilə yanaşı Gürcüstan (Kür və Qanıx hövzələri), Türkiyə (Kür və Araz hövzələri) ərazisində də suvermə qabiliyyətinə malik qar su ehtiyatı çoxillik normadan və 2015-ci ilə nisbətən azdır;

Yaz (aprel-may-iyun) yağıntılarının miqdarı çoxillik normadan əsasən az, havanın orta temperaturunun isə normadan 1-2 dərəcə yüksək olacağı gözlənilir;

Qeyd olunanları nəzərə alaraq əldə olunan məlumatlara, aparılan hesablamalara və kompleks məlumatların təhlilinə əsasən bu ilin gursululuq dövründə sululuğun Böyük Qafqazın şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında çoxillik normaya yaxın və bir qədər çox, Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki, Oğuz-Qəbələ) çaylarında normaya yaxın və bir qədər az, Kiçik Qafqaz, Naxçıvan MR və Lənkəran-Astara bölgəsi çaylarında normadan az, iri tranzit çaylarında isə normadan əsasən az olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi