Yuxarı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi su itkilərinin qarşısını alınması üçün addımları açıqlayıb

Bu gün Ümumdünya su günü qeyd olunur
İldə 12 km3-dən çox su istifadə üçün çaylardan götürülür

Hər il martın 22-də Ümumdünya su günü (World Day of Water) qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, bu gün BMT Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən qeyd olunmağa başlanıb. Ümumdünya su ehtiyatları günü haqqında ilk təklif 1992-ci il iyunun 3-14 tarixləri arasında Rio-de-Janeyroda baş tutmuş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) səsləndirilib.

Bu günün keçirilməsində məqsəd hər bir kəsin vaxtlı-vaxtında və lazımi miqdarda təmiz su ilə təmin edilməsi və su ekosistemlərinin mühafizəsində hamını fəal olmağa çağırmaqdır. Bu məqsədlə dünyanın müxtəlif yerlərində beynəlxalq, milli və yerli səviyyələrdə su resurslarından səmərəli istifadə sahəsində müxtəlif proqramlar həyata keçirilir.

Su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir. Respublikanın səth su ehtiyatları əsasən Kür və onun qolları və eyni zamanda birbaşa Xəzərə tökülən Lənkəran təbii zonası və Quba-Xaçmaz zonası çaylarının axımından ibarət olmaqla 30 km3 təşkil edir ki, bunun da yalnız üçdə biri yerli sularımızdır.

Azərbaycanın su ehtiyyatları ölkənin iqtisadiyyatında böyük rol oynayır. İldə 12 km3-dən çox su əhalini, sənayeni, kənd təsərrüfatı və iqtisadiyyatın bir çox sahələrini su ilə təmin etmək məqsədilə çaylardan istifadə üçün götürülür. Kənd təsərrüfatı məhsullları əsasən suvarılan sahələrdə yetişdiyindən götürürlən suyun üçdə ikisi suvarmada istifadə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi su resurslarımızın mütəmadi olaraq monitorinqini aparır. Həm yerli, həm də transsərhəd çaylardan istifadə Azərbaycan Respublikasının Su Məcəlləsinə, Ətraf Mühitin Mühafizəsi və digər qanunlara və qanunvericilik aktlarına, o cümlədən üzv olduğumuz beynəlxalq konvensiyalara və razılaşmalara əsaslanmalıdır. Bu zaman çaylarda tələb olunan ekoloji axımı təmin edilməli və su ehtiyatları inteqrasiyalı yanaşma və hövzə prinsipinə uyğun idarə edilməlidir.

Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün əhali də daxil olmaqla bütün su istifadəçiləri sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısını almalı, müasir texnologiya və suya qənaət edən avadanlıqdan istifadə etməli, içməli sudan texniki məqsədlər üçün istifadəni məhdudlaşdırmalı və s. addımlar atmalıdırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hamını Beynəlxalq Su Günü münasibətilə təbrik edir və su resurslarımmızın birgə mühafizəsi sahəsində sıx əməkdaşlığa çağırır!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi