Yuxarı

Bir qrup şagirdin Şamaxı Safari Parkına ekskursiyası təşkil olunub - FOTO

Bir qrup şagirdin Şamaxı Safari Parkına ekskursiyası təşkil olunub - FOTO
© Foto: "Report"

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün respublika və beynəlxalq fənn olimpiadaları qaliblərindən ibarət bir qrup şagirdin Şamaxı Safari Parkına ekskursiyası təşkil olunub.

"Report"un xəbərinə görə, ekskursiyada Təhsil Nazirliyinin Məktəbdənkənar Fəaliyyətin Təşkili Şöbəsinin müdiri Vasif Məmmədov və media nümayəndələri iştirak edib.

Ölkə başçısının tapşırığına əsasən, Təhsil Nazirliyi ilə Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə 2018-2019-cu tədris ilinin oktyabr, noyabr, aprel və may aylarında Bakı şəhərində yerləşən ümumtəhsil məktəbləri şagirdlərinin Şamaxı Safari Parkına həftədə bir dəfə ekskursiyalarının təşkili nəzərdə tutulub.

Ekskursiyalar ekoloji turizm sahəsində xüsusi təcrübəsi olan Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən həyata keçirilir. İDEA İctimai Birliyi, Respublika İnkişaf Mərkəzi, Ümumdünya Vəhşi Təbiət Fondu ilə birgə bir çox ekoloji yönümlü layihələr həyata keçirir. Bu layihələrdən “Ceyranları qoruyaq”, “Bəbirləri mühafizə edək”, “Zubrları təbiətimizə qaytaraq” adlı layihələr ekoloji sahədə uşaq və gənclərin maarifləndirilməsi, onlarda doğma təbiətə sevgi və qayğı hisslərinin aşılanması, vəhşi təbiətdə olan müxtəlif növ heyvan cinslərinin tanıdılması, nəsli kəsilməkdə olan heyvan cinslərinin qorunması, onlara qayğının təbliği, müvafiq sahələrdə praktik biliklərin əldə edilməsi məqsədilə davamlı olaraq keçirilir.

Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədilə Şamaxı rayonunun ərazisində olan Pirqulu adlanan dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənərək Şamaxı Safari Parkı yaradılıb.

Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından genetik qiymətli heyvanlar gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılıb.

Ekskursiya zamanı Safari Parkının direktoru Tofiq Həsənov və tur rəhbəri şagirdlərə ərazi və heyvanlar haqda məlumat verib.

Daha sonra T.Həsənov jurnalistlərə bildirib ki, çəpərlənmiş ərazinin 21 bölməsində ayrı-ayrılıqda üç növ heyvan saxlanılır. O deyib ki, parka 2015-ci ildə Avropa ölkələrindən 420 heyvan gətirilib: "Bunlar - nəcib maral, muflon və layndır. Hazırda isə burada ümumilikdə 1012 heyvan var. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi və akademiya ilə birgə işləyirik və çox güman ki, gələcəkdə parka Zaqafqaziya zuburları da gətirəcəyik. Düzdü, bu zubrların nəsili dünyada kəsilməkdədir, lakin bunların bir növü Rusiya ərazisində var. Parkdakı heyvanlar nəsili kəsilmək üzrə canlılardır. Məqsədimiz həmin heyvanları burada yetişdirib, vəhşi papuliyasıya halına salıb, təbiətimizə ötürməkdir. Yenə də böyük ərazini çəpərləyirik və hər il bura 150-200 heyvan ötürüləcək".

T.Həsənov parkda olan heyvanların qidalarından da danışıb: "Yay-yaz fəslində heyvanlar üçün nəzərədə tutulan vanyerlər dəyişdirilir və təbii otlaqdan istifadə olunur. Qışda isə yemlənir. Bunun üçün bizim Qəbələ rayonunda 500 hektar torpaq sahəmiz var və ora yem bazamızdır.  Həmin yerdə heyvanların yemini hazırlayıb bura gətiririk".

Təhsil Nazirliyinin Məktəbdənkənar Fəaliyyətin Təşkili Şöbəsinin müdiri V.Məmmədov isə vurğulayıb ki, Safari Parkına ilk dəfə məktəblilərin ekskursiyası təşkil olunub. Onun sözlərinə görə, bu gün 30 şagird parkda heyvanlarla tanış olub: "Bu, unikal bir layihədir. Belə ekskursiya məktəblilər üçün də maraqlıdır. Parkın rəhbərliyi və əməkdaşları tərəfindən şagirdlərə ətraflı məlumat verildi. Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq, parka belə səfərlər olacaq. Bakı və respublikamızın digər bölgələrindən də şagirdlərin Safari Parkına səfəri planlaşdırılıb və artıq cədvəl də tərtib edilib".

Parkda olan şagirdlər səfərdən razı qaldıqlarını, heyvanlarla yaxından tanış olduqlarını vurğulayıblar.

Foto: Firi Səlim

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi