Yuxarı

Azərbaycanda bir heyvanı ovlayan şəxslər 5 min manat cərimə olunub - FOTO

ETSN əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində reydlər davam etdirilir

Bakı. 26 yanvar. REPORT.AZ/ "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən növbəti reydlər keçirilib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilib.

"Şərbətqobu" ovçuluq təsərrüfatının ərazisində keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan Füzuli rayonu, Mahmudlu-2 kənd sakini Səbuhi Həsənov saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində keçirilən reyd zamanı ov edən Balakən rayonu, Katex kənd sakini İlham Hoorsov saxlanılıb və ondan 1 ədəd ov tüfəngi götürülüb. Təqsirkar şəxs barəsində akt və protokol tərtib olunaraq 1000 manat məbləğində cərimə tətbiq edilib.

Şahdağ Milli Parkının Oğuz bölməsinin ərazisində keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan Oğuz rayon Filfilli kənd sakini Pənah Ağayev saxlanılaraq ondan 1 ov tüfəngi, 3 patron götürülüb. İnzibati xətaya yol vermiş şəxs barəsində müvafiq qaydada akt və protokol tərtib edilib və 1000 manat məbləğində cərimə olunub.

Tovuz rayonu ərazisində keçirilən reyd zamanı isə ov edən naməlum şəxs saxlanılıb. Faktla bağlı qanunamüvafiq qaydada akt tərtib edilərək həmin şəxsdən 1 ov tüfəngi, 2 patron götürülüb. Sənəd təqdim etməyən qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Tovuz rayon Polis Şöbəsinə müraciət edilib.

Ağcabədi rayonu Qaradolaq kəndi ərazisində ovla məşğul olan Ağcabədi şəhər sakini Mikayıl Məhərrəmov saxlanılaraq ondan 1 ov tüfəngi götürülüb. İnzibati xətaya yol vermiş qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

Şahdağ Milli Parkının Qəbələ bölməsinin ərazisində keçirilən növbəti reyd zamanı ovla məşğul olan Qəbələ rayon Bum qəsəbə sakinləri Arzu Eyvazov, Fədayi Xəlilov, Baba Şirinov, Taleh Yusifov saxlanılaraq onlardan 3 ov tüfəngi və 1 ədəd ovlanmış Dağıstan turu götürülüb. Təqsirkar şəxslər barəsində müvafiq qaydada akt və protokol tərtib olunub və qanun pozucuları ümumilikdə 4900 manat məbləğində cərimə edilib.

Sarısu gölünün Saatlı rayonuna aid ərazisində ov edən Saatlı rayon sakinləri Zahid Novruzov və Ülkər Qarayev saxlanılaraq onlardan 2 ov tüfəngi, 5 patron və 23 ədəd ovlanmış ördək götürülüb. Qanun pozucuları barəsində akt və protokol tərtib olunaraq, ümumilikdə 2115 manat məbləğində cərimə və iddia tətbiq edilib.

ETSN əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində reydlər davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi