Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən respublikanın bütün rayonlarında “Təbiət könüllüsü, yaz əkininə sən də qoşul” devizi altında yaz ağacəkmə aksiyaları davam etdirilir.
ETSN-nin mətbuat katibi İradə İbrahimova “Report”a bildirib ki, martın 7-də nazirliyin kollektivi rəhbərliklə birgə Cəngidə 2 hektar ərazidə 2 000-ə yaxın müxtəlif cinsli ağac əkib.

Martın 6-da isə Şabran rayonu ərazisində 2 000-dən çox şam ağaçı əkilib.
“Mövsümün sonunadək davamlı olaraq ağacəkmə aksiyaları bütün rayonlarda keçiriləcək və hər həftə ağac əkinləri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - deyə o bildirib.

Nazirlik sözçüsü qeyd edib ki, bir həftə ərzində respublika üzrə ümumilikdə 80 hektar ərazidə 94 620 ədəd müxtəlif meyvə və meşə cinsli ağac əkilib, 4 349 hektar seyrək ərazidə isə bərpa işləri aparılaraq 113 mindən çox müxtəlif cinsli ağac və kol bitkiləri salınıb.
Ağac əkilən sahələrin böyük hissəsinə damcılı suvarma sistemi çəkilib.