"Hər hansı ölkələr arasında belə konfransın keçirildiyini xatırlamıram. Bu da Azərbaycan və Türkiyə arasında olan dostluğun, qardaşlığın nümunəsidir".
"Report"un xəbərinə görə, bu fikirləri Baş prokuror Kamran Əliyev Naxçıvanda keçirilən Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı konfransında çıxışı zamanı deyib.
Baş prokuror bildirib ki, Naxçıvanda olduğu müddətdə türkiyəli həmkarları ilə bir sıra məsələlər müzakirə edilib: "Daha çox müzakirə olunan məsələ Ermənistanın sərhədyanı bölgədə törətdiyi ekoloji cinayətdir. Araz çayının hansı səviyyədə çirkləndirilməsi məlumdur və son zamanlar orada zavodun inşası ekoloji cinayətin törədilməsinə gətirib çıxarıb. Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər görüşündə də dilə gətirdi və Ermənistanın hansı cinayətlər törətdiyini bir daha diqqətə çatdırdı. Bu zavodun inşası həm Türkiyə, həm də Azərbaycan üçün böyük problemlər yaradır və biz bunu beynəlxalq aləmə ekoloji cinayət kimi çatdırmışıq".
“Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir”, - Baş prokuror vurğulayıb.