Yuxarı

Bakıda kərpic zavodunun ərazisini zibilxanaya çevirənlər 40 min manat cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi zavodun həyətindəki bazarın başqa yerə köçürülməsini tələb edir

Bakı. 15 oktyabr. REPORT.AZ/  Bakıda kərpic zavodunun ərazisini zibilxanaya çevirənlər böyük məbləğdə cərimələnib. 

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, "Bakı tikinti materialları" ASC-nin kərpic istehsalı zavodunun ərazisinin zibilxanaya çevrilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıb.

Araşdırma zamanı zavodun hazırda fəaliyyət göstərmədiyi, 2015-ci ilin əvvəlindən hazırkı dövrədək üç ay fasilələrlə işlədiyi müəyyən edilib.

Baxış zamanı ərazinin məişət tullantıları poliqonuna çevrildiyi və zavodun ərazisinin ayrı-ayrı yerlərində məişət tullantılarının pərakəndə şəkildə qalaqlanması və yandırılması halları da müşahidə olunub.

Faktla əlaqədar nazirliyin əməkdaşları qanunamüvafiq qaydada protokol tərtib edərək "Bakı tikinti materialları" ASC-nin nümayəndəsi vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə edilib.

Eyni zamanda, tullantıların yük maşınları ilə zavodun ərazisinə daşınması halları da müşahidə olunub. Nazirliyin əməkdaşları sürücüləri saxlayıb, lakin qanun pozucuları sənəd təqdim etmədən ərazini tərk ediblər. Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsinə göndərilən sorğu nəticəsində həmin sürücülərin şəxsiyyəti müəyyən edilərək barələrində qanunamüvafiq protokol tərtib olunub.

Belə ki, 2 qanun pozucusu hüquqi şəxs qismində hər biri 9000 manat, 24 nəfər isə fiziki şəxs qismində hər biri 800 manat olmaqla, ümumilikdə 37 200 manat məbləğində cərimə edilib.

Qeyd olunanlarla yanaşı, zavodun ərazisində tikinti materiallarının satışı bazarının qanunsuz fəaliyyət göstərdiyi də məlum olub. Araşdırma zamanı bazarın fəaliyyət göstərməsi üçün Qaraçuxur Bələdiyyəsi ilə fiziki şəxs arasında bağlanmış müqavilənin müddətinin 2014-cü ilin sonunda bitdiyi məlum olub. Bununla əlaqədar sözügedən bazarın zavodun ərazisindən çıxarılaraq başqa əraziyə köçürülməsi barədə nazirlik Suraxanı rayon İcra Hakimiyyətinə, "Bakı tikinti materialları" ASC-yə və Qaraçuxur Bələdiyyəsinə məktub göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi