Beynəlxalq ekoloji aksiya çərçivəsində Mərdəkan çimərliyi tullantılardan təmizlənib

Beynəlxalq ekoloji aksiya çərçivəsində Mərdəkan çimərliyi tullantılardan təmizlənib Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları genişmiqyaslı təmizlik aksiyası keçirib
Ekologiya
26 Sentyabr , 2017 19:36
Beynəlxalq ekoloji aksiya çərçivəsində Mərdəkan çimərliyi tullantılardan təmizlənib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bu il Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində keçirilən aksiyada 500-dən artıq insan iştirak edib və sahilyanı ərazi 6 tona yaxın tullantıdan təmizlənib. 

"Report" xəbər verir ki, tədbirin təşkilatçıları qismində “Coca-Cola” şirkəti, “PAŞA Bank”, "Bakcell" şirkəti, "ASAN School" könüllülük məktəbinin "Yaşıl ASAN" təşəbbüsü və “Let’s Do It Azerbaijan” proqramı (letsdoitworld.org) çıxış edib. 

Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilib.

Artıq uzun illərdir dünyanın bir çox ölkəsi hər il sentyabr ayının üçüncü şənbə gününü Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 8 ildir iştirak edir.

“Artıq 8 il ardıcıl olaraq “Coca-Cola” və ölkənin bir sıra nüfuzlu şirkət və təşkilatları ekoloji aksiya keçirərək Xəzər dənizinin sahillərini tullantılardan təmizləyir. Ümid edirik ki, ildən-ilə hər kəs ətraf mühitə daha məsuliyyətli yanaşacaq və gələcəkdə analoji aksiyaların keçirilməsinə ehtiyac qalmayacaq”, - deyə “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev qeyd edib.

“Bu il aksiya ilə bağlı daha geniş məlumatlandırma kampaniyası həyata keçirilib, daha çox iştirakçı cəlb olunub. Hər il daha çox insanın bu ekoloji aksiyaya qoşulduğunu görmək bizim üçün çox sevindirici haldır. Hər il bizə qoşulan yüzlərlə gəncimiz ətraf mühitin tullantılardan təmizlənməsinə nə qədər həssas yanaşırlarsa, dəniz sahillərini çirkləndirənlər də bu məsələyə o qədər həssas yanaşmalıdırlar. Mən istərdim ki, könüllülərimiz sadəcə bu tədbirə qoşulmaqla kifayətlənməsinlər, həm də öz yaxın ətraflarında olan insanları təbiəti qorumağa təşviq etsinlər. Bakcell şirkəti isə öz növbəsində qarşıdakı illərdə də bu böyük layihəyə dəstək verməyə hazırdır“, - deyə “Bakcell” şirkətinin korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib.

Qeyd edək ki, Azərbaycanda son 8 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 35 hektara yaxın ərazisi 27 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.

Xatırladaq ki, builki aksiyaya qoşulanlar sırasında "Green Baku" ekoloji gənclər birliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi, AFFA, ADA Universiteti və “Youth Inc.” gənclərin sahibkarlıq proqramı yer alıb.

Son xəbərlər

Orphus sistemi