Bakıda çimərliklərin tullantılardan təmizlənməsi aksiyası keçirilib

Bakıda çimərliklərin tullantılardan təmizlənməsi aksiyası keçirilib
Ekologiya
11 İyun , 2018 13:24
Bakıda çimərliklərin tullantılardan təmizlənməsi aksiyası keçirilib
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən BMT agentliklərinin əməkdaşları, eləcə də vətəndaş cəmiyyəti, özəl sektor təmsilçiləri və 300-ə yaxın gənc fəal Buzovna çimərliyində keçirilən təmizlik aksiyası zamanı 5 tona yaxın plastik və digər tullantılar toplayıb.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, “Ətraf Mühit həftəsi” çərçivəsində baş tutan tədbiri BMT-nin Azərbaycandakı nümayəndəliyi, İDEA İctimai Birliyi, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Gənclər Fondu təşkil ediblər.

BMT-nin Azərbaycanda fəaliyyət göstərən agentliklərinin 35 əməkdaşı ilə birlikdə təmizlik aksiyasına qoşulan, BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai deyib ki, yüzlərlə gəncin bugünkü təşəbbüsü dəstəkləməsini görmək xoşdur: "Bu, onların ətraf mühiti qorumaq istəyini əyani nümayiş etdirdi. Bu sahədə məlumatlılığın artırılmasını və ölkə vətəndaşlarının birdəfəlik plastik qabların istifadəsini ciddi şəkildə azaltması üçün belə tədbirlərin daha çox keçirilməsi zəruridir.”

Aksiya iştirakçıları plastikdən hazırlanan su qabları, çöplər, mətbəx qabları, eləcə də konserv bankaları, siqaret kötükləri və digər tullantıları yenidən emal üçün "Təmiz Şəhər" ASC-yə təhvil veriblər.

Qeyd edək ki, çimərlikdə təmizlik aksiyası Ümumdünya Ətraf Mühit gününün 2018-ci il mövzusuna - “Plastik çirklənməyə son” – həsr olunub. Bu mövzu plastik çirklənmənin vəhşi təbiətə və insan sağlamlığına vurduğu ziyanın həcmini azaltmaq üçün gündəlik vərdişləri yenidən nəzərdən keçirməyə dəvət edir.