Yuxarı

Səhiyyə Nazirliyi: Bakı və digər rayonlarda içməli su nümunələrinin göstəriciləri qənaətbəxş deyil

Bununla bağlı yerli icra orqanları qarşısında məsələ qaldırılıb

Bakı. 18 yanvar. REPORT.AZ/ “Bakı və digər rayonlarda su təmizləyici qurğulardan, su mənbələrindən, ayrı-ayrı stasionar nöqtələrdən, modul tipli yeni quraşdırılan qurğulardan götürülən bəzi içməli su nümunələrinin göstəriciləri qənaətbəxş deyil”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov qurumun illik hesabat toplantısında deyib.

Onun sözlərinə görə, respublikanın 215 kəndində quraşdırılan modul tipli qurğulardan verilən içməli su nümunələrinin həm fiziki-kimyəvi, həm də baktereoloji göstəricilərində aşkar olunan nöqsanlarla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub göndərilib. 

Son 5 ildə mərkəz tərəfindən respublika ərazisində bulaq və yeraltı artezian sularının müayinələri ilə əlaqədar araşdırma aparıldığını və nümunələr götürüldüyünü xatırladan şöbə müdiri qeyd edib ki, bu nümunələrdə də təqdirəlayiq nəticələr əldə olunmayıb: “Bununla bağlı yerli icra orqanları qarşısında məsələ qaldırılıb. Ümumiyyətlə, şəhərin və respublikanın ayrı-ayrı ərazilərinin içməli su təchizatı məsələsində daim nəzarət aparılır”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev isə çıxışında deyib ki, su istehsalı müəssisələrində suyun yenidən minerallaşdırılması məsələsi indi də gündəmdədir: “Bəzi müəssisələrdə su tamamilə sistemdən çıxdıqdan sonra onun yenidən mineralizasiyası aparılır. Bunun da müsbət və mənfi tərəfləri var. Minerilazasiya aparılarkən suyun sıfır vəziyyətində minerallaşdırılması prosesi sual altına düşür. Mineralsız suyun uzun müddət qəbul edilməsi orqanizmdə mikroelementlərin çatışmazlığına səbəb olur. Ona görə də su istehsalı müəssisələri bu cür məsələləri diqqətdə saxlamalıdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi