Bakı. 31 avqust. REPORT.AZ/ "Bu ilin avqust ayında buzlaqlar üzərində aparılan tədqiqatlar nəticəsində müəyyən olunan buzlaqların sahəsi 2.4 km2 təşkil edib".
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, buzlaq üzərində olan çatların sayının və ölçüsünun artması müəyyən olunub: "Bu da iqlim dəyişmələrinin əsas indikatorlarından biri olan buzlaqlarda gedən ərimə prosessinin intensivliyinin daha da sürətlənməsindən xəbər verir".
O qeyd edib ki, buzlaqların sahəsinin azalması ilə yanaşı, həm də son illərdə iqlim dəyişmələrinin təsiri nəticəsində respublikanın su ehtiyatlarının qidalanmasında xüsusi rol oynayan Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qar örtüyünün sahəsinin azalması və qarın aşağı sərhəddinin yüksəkliyə doğru qalxması müşahidə olunur.
A.Verdiyev əlavə edib ki, bütün bunlar su ehtiyatlarının ümumilikdə azalmasına gətirir və gələcəkdə su qıtlığı ilə üzləşməmək üçün müvafiq tədbirlər görülməlidir.