Yuxarı

Azərbaycanda yeni sürüşmə sahələri yaranıb

Baş geoloq: Mütəxəssislər əraziyə göndərilib

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanda yeni sürüşmə sahələri yaranıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev "Report"a açıqlamasında bildirib ki, hazırda nazirliyin ekzogen prosesləri öyrənən dəstəsi cənub bölgəsindədir: "Böyük Qafqaz ərazisində daimi sürüşmə baş verir. Yerli sakinlər nazirliyə məktub göndərib ki, Siyəzən rayonunun Çəmən kəndində yeni sürüşmə ocağı əmələ gəlib. Mütəxəssislər əraziyə göndərilib. Məlum olub ki, sürüşmənin eni 90 metr, uzunluğu 300-310 metrdir. Qırılma daşının hündürlüyü isə 1 metrə yaxındır".

Baş geoloqun sözlərinə görə, Bakıda hazırda ən aktiv ərazi Zığ sürüşmə sahəsindədır: "Abşeron rayonunun Masazır qəsəbəsindəki sürüşmə sahəsində aktivlik müşahidə olunub. Badamdar və Bayıl sürüşmə sahələrində son aylarda sabitlik müşahidə olunur".

Ələmdar Piriyev qeyd edib ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ümumi 16 obyekt olmaqla, Bakı-Abşeronda 8, respublikanın digər ərazilərində 8 obyektdə monitorinq işləri aparır: "Həmin ərazilər təhlükəli, riskli sahələrdir".

Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Starə Tarixazər bildirib ki, Coğrafiya institunun əməkdaşlarının apardığı araşdırmalar nəticəsində yeni sürüşmə sahələri müəyyən olunub: "Siyəzəndə Gilgilçayın ətrafından Taxtakörpü su anbarına (Samur-Abşeron suvarma sisteminə aid su anbarıdır - "Report") gedən kanalda təzə sürüşmə hadisəsi əmələ gəlib. Yamacların meyilliyi 15 dərəcədən yüksəkdir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi