Azərbaycanda "Yaşıl Marafon"a start verildi

Azərbaycanda "Yaşıl Marafon"a start verildi Heydər Əliyev Fondunun vitse-Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonuna start verilib
Ekologiya
6 Noyabr , 2014 03:28

Bakı. 6 noyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonuna start verilib.

Marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir.

Layihəyə əsasən ağacların növbəti iki əkin mövsümündə (noyabr ayında və mart ayının sonu – aprel ayının əvvəlində) əkilməsi və marafonun may ayının əvvəlində başa çatdırılması planlaşdırılır.

Sözügedən marafon IDEA İctimai Birliyinin internet səhifəsində (www.ideacampaign.az) mütəmadi olaraq işıqlandırılacaq və onun gedişi zamanı müxtəlif şəhər və rayonlarda əkilən ağacların sayı, ünvanı, şəkilləri və digər məlumatlar həmin internet səhifəsində yerləşdiriləcəkdir.

Layihədə Azərbaycan Respublikasının 76 rayon və şəhər icra hakimiyyətinin iştirakı və ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsi nəzərdə tutulur.

IDEA İctimai Birliyi təsis edildiyi dövrdən etibarən ölkəmizdə yaşıllıq sahələrinin qorunmasına və genişləndirilməsinə xüsusi əhəmiyyət vermiş və bu sahədə bir sıra uğurlu layihələr həyata keçirmişdir.

Son xəbərlər

Orphus sistemi