Yuxarı

Azərbaycan çaylarında su sərfi son beş ilin minimumuna enib

Çaylarda maksimal su sərfini təyin etmək məqsədilə ölçmə işləri aparılıb

Bakı. 18 avqust. REPORT. AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri yay dövründə çaylardan keçən daşqın və sel izlərinə görə maksimal su sərfini təyin etmək məqsədilə ölçmə işləri aparıb. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, 2015-ci ilin yay dövründə Gəncə-Qazax bölgəsinin Kürəkçay, Gəncəçay, Zəyəmçay, Qoşqarçay, Şəmkirçay, Əsrikçay, Şəki-Zaqatala bölgəsinin Balakənçay, Katexçay,Talaçay, Kürmükçay, Şinçay, Kişçay, Əyriçay və Quba-Qusar bölgəsinin Qudyalçay, Qaraçay, Vəlvələçay, Qusarçay, Çaqacuqçay, Quruçay çaylarında aparılan çöl-tədqiqat işlərinin nəticəsində sözügedən çaylardakı maksimal su sərflərinin son beş ilin göstəricilərinə nisbətdə ən aşağı olduğu məlum olub.

Qeyd edək ki, əsasən dağlıq ərazilərdə qış dövründə yığılmış qarın əriməsi və ayrı-ayrı günlərdə düşən leysan yağışlar nəticəsində dağ çaylarında bəzi günlərdə su sərfinin kəskin artımı baş verir və hətta bəzi hallarda su çayın məcrasından çıxaraq ətrafları da basır. Qısa müddət ərzində baş verən daşqınlar zamanı çaydakı orta su sərfini dəfələrlə aşan sululuq müşahidə edilir. Həmin vaxtlarda çaylarda su sərfinin ölçülməsi qeyri-mümkün olsa da, sonradan maksimal su sərfləri daşqının izinə görə hesablanır.

"Hesablamalar nəticəsində əldə olunan məlumatlar illik və çoxillik su ehtiyatlarının qiymətləndirilməsi, daşqınlar riskinin müəyyənləşdirilməsi, infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi üçün mühüm əhəmiyyətə malikdir", - nazirlikdən bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi