Yuxarı

AŞPA məruzəçisi Azərbaycan parlamentində olub

Xanım Milisa Markoviç Azərbaycanın bu qurumdakı nümayəndə heyəti ilə görüşüb

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi üzrə” məruzəçisi Milisa Markoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşüb. MM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə məruzəçinin Sərsəng su anbarı və onun ətrafındakı bölgələrdə su çatışmazlığının yaratdığı vəziyyət barədə hazırlayacağı məruzə ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov xanım Milisa Markoviçə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmış problemlər barədə məlumat verib. Sərsəng su anbarının Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri üçün yaratdığı fəlakətli vəziyyət qonaqların diqqətinə çatdırılıb. S.Seyidov hazırlanacaq məruzənin obyektiv və ədalətli olacağına əminliyini ifadə edib.

M.Markoviç Bakıda əlaqədar nazirliklərdə görüşlər keçirdiyini qeyd edərək bildirib ki, nümayəndə heyəti Sərsəng su anbarının yaxınlığında yerləşən Azərbaycanın nəzarətində olan rayonlara da səfər edəcək və vəziyyətlə yerində tanış olacaqlar. O vurğulayıb ki, məruzənin hazırlanmasında AŞPA-nın bu işə cəlb etdiyi mütəxəssislər də yaxından iştirak edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi