Yuxarı

Asif Verdiyev: "Son 10 ildə Azərbaycanın daxili çaylarında sululuq azalır"

Asif Verdiyev: "Son 10 ildə Azərbaycanın daxili çaylarında sululuq azalır" 724
© Report/ Elchin Murad

Bakı. 31 avqust. REPORT.AZ/ "Son 10 ildə Azərbaycanın daxili çaylarının, eyni zamanda transsərhəd çayların sululuğunda azalma tendensiyası müşahidə olunur".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mi­lli Hidrometeorologi­ya Departamentinin baş hidroloqu Asif Verdiyev brifinqdə çıxışı zamanı deyib.

A.Verdiyevin sözlərinə görə, monitorinqlər zamanı gündə 2 dəfə suyun səviyyəsi, suyun sərfi və suyun temperaturu üzərində müşahidələr aparılır.

O qeyd edib ki, analoji təhlillər yaz-yay gursululuq dövrü üçün də aparılıb və həmin dövürdə də sululuqda azalma müəyyən olunub.

A.Verdiyev əlavə edib ki, eyni zamanda, Kür çayının yuxarı hissəsində və aşağı hissəsində yerləşən hidroloji məntəqələrdə suyun səviyyəsi üzərində çoxillik təhlillər aparılıb: "Aparılan təhlillər onu göstərir ki, son 10 ildə Kürün həm yuxarı həm də aşağı hissəsidə suyun səviyyəsində azalma baş verir. Bunun əsas səbəblərdən biri də son illər dağlıq ərazilərə yağan qar ehtiyatının normadan az olması, düşən yağıntının azalması və eyni zamanda yay dövründə anomal temperatur artımı nəticəsində suyun səthində baş verən buxarlanmanın kəskin artmasıdır".

O deyib ki, hazırda Kürün aşağı axınında suyun səviyyəsi keçən il ilə müqayisədə 20-30 sm aşağıdır: "Respublikanın dağ çaylarında hazırda sululuq Böyük və Kiçik Qafqazın çaylarında ongünlük normaya yaxın və bir qədər azdır. Ən aşağı sululuq Naxçıvan MR və Lənkaran-Astara bölgəsinin çaylarında müşahidə olunur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi