AMEA-nın şöbə müdiri: “Kiş çayında sel olacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”

AMEA-nın şöbə müdiri: “Kiş çayında sel olacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir” Son günlər bəzi kütləvi informasiya vasitələrində AMEA-nın Şəki Regional Elmi Mərkəzinə istinad edilərək, yaz aylarında Kiş çayında sel təhlükəsinin gözlənilməsi barədə məlumatlar yayımlanır.
Ekologiya
27 Fevral , 2023 15:47
AMEA-nın şöbə müdiri: “Kiş çayında sel olacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”

Son günlər bəzi kütləvi informasiya vasitələrində AMEA-nın Şəki Regional Elmi Mərkəzinə istinad edilərək, yaz aylarında Kiş çayında sel təhlükəsinin gözlənilməsi barədə məlumatlar yayımlanır.

"Report" xəbər verir ki, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin müdiri Yusif Rəhimov bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Onun sözlərinə görə, Kiş çayı regionun çayları içərisində ən çox öyrənilən çaylar sırasındadır: "Şəkidə baş verən sel və daşqınların səbəblərinin öyrənilməsi və araşdırılması məqsədilə şöbənin əməkdaşları tərəfindən ərazidən keçən dağ çaylarında ekoloji və geoloji monitorinqlər aparılır, torpaq və bitki örtüyü müayinə olunur".

Şöbə müdiri qeyd edib ki, indiyədək Akademik H.Əliyev adına Coğrafiya İnstitutu və Şəki Regional Elmi Mərkəzinin birgə apardıqları tədqiqatlar nəticəsində Kiş çayı hövzəsindəki sel əmələgəlmə şəraitinə hərtərəfli aydınlıq gətirilib.

Y.Rəhimov bildirib ki, ötən ilin payız-qış mövsümlərində və cari ilin əvvəlində qlobal iqlim dəyişkənliyi ilə əlaqədar müşahidə edilən quraqlıq, yağıntıların az olması, yüksək dağlıq ərazilərdə qar örtüyünün normadan aşağı səviyyədə formalaşması ilə bağlı müşahidələr, güclü leysan yağışlarının yağması ehtimalı istisna olunmaqla, hər hansı sel hadisəsinin olacağı ilə bağlı söylənilən fikirlərə, ümumiyyətlə əsas vermir.

Qurum rəsmisi Şəki şəhərinin müxtəlif illərdə Kiş çayının sol sahili boyu inşa edilmiş istinad divarları vasitəsilə sel hadisələrindən kifayət qədər mühafizə olunduğunu diqqətə çatdırıb.

Qeyd edib ki, aidiyyəti təşkilatlar tərəfindən çayın gətirmə konusunda ilin bütün fəsillərində, o cümlədən qış aylarında da zəruri və qabaqlayıcı tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi