Aİ-nin Azərbaycandakı nümayəndəsi marketləri sellofan torbalardan imtinaya çağırıb

Aİ-nin Azərbaycandakı nümayəndəsi marketləri sellofan torbalardan imtinaya çağırıb Tullantılar dəniz və okeanlarda balıqların yeminə çevrilir, nəticədə bu balıqları biz və övladlarımız yeyirik.
Ekologiya
21 Sentyabr , 2019 12:56
Aİ-nin Azərbaycandakı nümayəndəsi marketləri sellofan torbalardan imtinaya çağırıb
Report

"Tullantılar dəniz və okeanlarda balıqların yeminə çevrilir, nəticədə bu balıqları biz və övladlarımız yeyirik".

"Report" xəbər verir ki, bunu Buzovna çimərliyi ərazisində “Xəzəri qoruyaq” adlı təmizlik aksiyasında iştirak edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, insanlar təbiətə qarşı daha qayğıkeş və qoruyucu davranmalıdır: "Bu gün bir sıra dövlət və xarici diplomatik korpusun nümayəndələri, könüllülər Bakı çimərliyində toplaşıb. Biz dəniz sahilini plastik tullantılardan təmizləmək istəyirik. Niyyətimiz təkcə təmizlik deyil, mən həmçinin ictimaiyyətin diqqətinə bir nüansı da çatdırmaq istərdim. Mağazalardan aldığımız plastik paketləri biz 15 dəqiqə müddətində istifadə edirik, lakin onların təbiətdə yoxa çıxmasına 100 il vaxt tələb olunur. Bu tullantılar dəniz və okeanlarda balıqların yeminə çevrilir, nəticədə bu balıqları biz və övladlarımız yeyirik. Burada söhbət qida təhlükəsizliyindən gedir".

K.Yankauskas marketləri və vətəndaşları sellofan torbalardan imtina etməyə çağırıb: "İnsanlar daha çox digər növ torbalardan istifadə etməlidilər. Bu gün Avropa İttifaqının bütün nümayəndəlikləri, yəni 141 ölkədə hər kəs çimərliklərə toplaşıb, dənizlərin, okeanların çimərliklərini plastik tullantılardan təmizləyirlər". 

Qeyd edək ki, Bakınının Xəzər rayonunda Buzovna çimərliyi ərazisində “Xəzəri qoruyaq” adlı təmizlik aksiyası keçirilib. ASAN xidmət, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin və "Coca-Cola" şirkətinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib.

Son xəbərlər

Orphus sistemi